Главная > Siyasət / Manşet > Biz Heydər Əliyev irsini öyrənirik…

Biz Heydər Əliyev irsini öyrənirik…


26-05-2022, 18:11. Разместил: admin44

Heydər Əliyev və müstəqil Azərbaycan
 
26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, 3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi.

Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur.

Seyfəddin Əliyev nitqinə davam edərək bildirdi ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yüksəlməyi bacarır. 1969-cu ildə — Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə hər cür maneəni dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Seyfəddin Əliyev qeyd edib ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşib, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına alıb. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapıb. Məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bilib, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yaranıb. Ümummilli Liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edilib, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanılıb. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanılıb və Azərbaycan sivil dünyaya inteqrasiya edib.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.

Seminarda iştirak edən Binə Xocavar ərazi partiya təşkilatının sədri Ülvi Rufullayev, YAP fəallarından Xanım Əliyeva, Elxan Rəcəbov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar. Onlar bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bildiriblər ki, əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək üçün biz çox işlər görməliyik.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад