Главная > Siyasət > Masallıda Ağsaqqallar Şurasının Müstəqillik Gününə həsr olunan konfransı

Masallıda Ağsaqqallar Şurasının Müstəqillik Gününə həsr olunan konfransı


28-05-2022, 17:00. Разместил: admin44

Masallıda Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş konfrans keçirilib.

Respublika Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Masallı RİH başçısının müavini Aybəniz Qafarova, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini, Qəhrəmanlar parkında Şəhidlər abidə-komleksini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin geniş iclas zalında təşkil olunan konfransa şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərində fəaliyyət göstərən Ağsaqqallar Şurasının üzvləri dəvət olunublar.
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova geniş çıxışında zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini deyib: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır... 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın başçılığı ilə şanlı ordumuz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq uzun illər işğalda qalan torpaqlarımızı azad etdi. 30 ildən sonra xalqımıza hədsiz sevinc bəxş edildi...”

E.Süleymanova işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işlərindən də danışıb.

O, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb, şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verərək tövsiyələrini çatdırıb.
Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə müstəqil, suveren və demokratik Azərbaycanın yaradılmasının 104-cü ildönümü qeyd olunan ADR-in arzu və ideallarını bu gün reallığa çevirdiyini və ümumi beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, əlavə edib ki, Masallı ağsaqqalları hər zaman rayonun ictimai-siyasi həyatında fəal mövqe sərgiləyir, gənc nəslin dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən şərəfli missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirirlər.

Rayon Ağsaqqallar Şurasının sədr müavini, “Tərəqqi” medallı Əyyub Mehdiyev, şura üzvlərindən Rəbbi Kərimov, şəhid ataları Aslan Məhərrəmov, Rauf Həsənov, “Tərəqqi” medallı müəllim Əminə Abıyeva və başqaları tədbirin keçirilməsinin önəmindən danışaraq qeyd ediblər ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur.

44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədə Masallı gənclərinin də böyük payı olduğunu, eləcə də bu möhtəşəm Zəfərdə ağsaqqallarımızın mənəvi dəstəyi və öyüd-nəsihətlərinin önəm daşıdığını qeyd edən çıxışçılar dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstəklərini ifadə ediblər.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад