Главная > Siyasət > Prezident İlham Əliyevin “Ağıllı kənd” layihəsinin açılışında çıxışı

Prezident İlham Əliyevin “Ağıllı kənd” layihəsinin açılışında çıxışı


30-05-2022, 20:14. Разместил: admin44

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.
           
Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunların yaradılmasında məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir.
         
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.
         
Daha sonra möhtərəm Prezidentimiz əlavə etdi ki, 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə XX əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz İkinci Qarabağ müharibəsində Qələbə qazandıq, tarixi Qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çökdürdük və bunun nəticəsində bu gün biz buradayıq.
 
May ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir. Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum strategiyanın nəticəsidir.
                         
Araz Əliyev,
Masallı rayonu Qəriblər kəndi



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад