Главная > Siyasət > Bu gün “Teknofest” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir

Bu gün “Teknofest” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir


31-05-2022, 20:54. Разместил: admin44

Cari ilin 28 mayında Bakıda “TEKNOFEST Azərbaycan“ Aerokosmik və texnologiya festivalı keçirilmişdir. Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev bu günün Azərbaycan xalqı üçün önəmli olmasından danışaraq bidirib :” Bu gün bizim üçün ikiqat bayramdır.Bu bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.TEKNOFEST Azərbaycan Aerokosmik və texnologiya festivalında iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanı və qardaş Türkiyədən gələn qonaqlaqrı Azərbaycan xalqı adından salamlayıram.”
           
Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iyirmi üç aydan sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.
           
Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşımla bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
           
Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.
             
Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Sancar kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.
Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi.
           
Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.
           
Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.
Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”
                             

Arif Mehtiyev,
Masallı rayon Bədəlan kənd sakini, ziyalı


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад