Главная > Siyasət / Manşet > Tariximizin Qurtuluş Zirvəsi

Tariximizin Qurtuluş Zirvəsi


10-06-2022, 20:42. Разместил: admin44

10 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Tariximizin Qurtuluş Zirvəsi” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, Azərbaycan tarixində elə məqamlar olubdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunubdur. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycana ikinci dəfə ali hakimiyyətə tarixi qayıdışı oldu. 1993-cü ildə ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı Ulu Öndər Heydər Əliyev idi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün Ümummilli Liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi. Bunun üçün Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.

Seyfəddin Əliyev bildirdi ki, Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsil dönüş yarandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəal üzvü Dilarə Hüseynova məruzə ilə çıxış edərək qeyd etdi ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşib, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına alıb. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapıb. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bilib, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yaranıb. Ümummilli Liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edilib, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanılıb. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanılıb və Azərbaycan sivil dünyaya inteqrasiya edib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.

Seminarda iştirak edən gənc fəallardan Şəbnəm Həsənova, Ləman Zeynalova, Araz Əliyev və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад