Главная > Siyasət > Şuşa Bəyannaməsi.

Şuşa Bəyannaməsi.


15-06-2022, 16:54. Разместил: admin44

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq Şuşa Bəyannaməsinə imza atdı. Bu Bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır.Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında  bütün sahələrdə inteqrasiyanın nümunəsidir.  Region üçün yeni tarixi gerçəklik olan Şuşa Bəyannaməsi  mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.  Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı.15 iyunda Şuşa Bəyannaməsinin imzalanmasının bir ilidir.  Bəyannamənin məhz Azərbaycan xalqının Qurtuluş günü və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.  Bəli, biz tarixi təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin  şahidiyik. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdırsa,bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.  
             
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.  Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın    dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. Dövlətimizin başçısı qeyd etdi ki:  “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
           
Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.Şuşa Bəyannaməsi  Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.  Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib. Türkiyə və Azərbaycan  regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi ,  qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir.  Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaq.

                      

Mehtiyev Arif Səyyad oğlu,
Bədəlan kənd tam orta məktəbinin direktoru.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад