Главная > Siyasət > Azərbaycan - Özbəkistan qardaşlığı daimidir
Azərbaycan - Özbəkistan qardaşlığı daimidir25-06-2022, 11:34. Разместил: admin44 |
Ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlər hər zaman özbək ədəbi-mədəni mühitində, ictimai fikrində öyrənilmiş, təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır.Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb.Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.Bu gün Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi naminə böyük səylər göstərir. Mərkəzə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu, Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət attaşesi Samir Abbasov rəhbərlik edir.Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Bəhs olunan dövrdə Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan və özbək klassiklərinin əsərləri qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajlarla çap edilib. Dilbər İbayeva, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |