Главная > Siyasət > Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib


14-02-2018, 00:04. Разместил: yeni321

  Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib


 Qələbəyə səfərbər ol

 
Fevralın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının altıncı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə ümummili lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin rayon şöbəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbər və məsul işçiləri, təhsil müəssisələrinin hərbi hazırlıq müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Azərbaycanın Dövlət Himni səsləndi, müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Sonra “Qələbəyə səfərbər ol” sənədli filmi nümayiş olundu.
Tədbiri giriş sözu ilə Xidmətin rayon şöbəsinin əməkdaşı, leytenant Babək Hacıyev açdı, iştirakçıları salamladı.
SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev geniş məruzə ilə çıxış etdi. Polkovnik-leytenant bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində ölkəmizin hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. SHXÇDX tərəfindən 6 il ərzində ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki və səfərbərlik hazırlığı, çağırışların təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində mühüm tədbirlər görülüb. Elektron xidmətlər vasitəsilə vətəndaşlara xidmətlə operativ ünsiyyət qurmaq, onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanları yaradılıb. Bütün görülən işlərin nəticəsi olaraq, Silahlı Qüvvələrin təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirilib. Şöbəmizin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə qurumun işçilərini təbrik etdi. Rayon rəhbəri qeyd etdi ki, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. 2016-cı ilin aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiq etdi. Aprel döyüşlərində kalinovkalı Nurlan Əsgərli, güllütəpəli Firdovsi Bağırzadə, noyabr ayında isə böyük xocavarlı Aqil Məlikov şəhid oldu, 5 nəfər isə yaralandı. 5 Milli Qəhrəmanı olan Masallıda Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən dövlət qayğısı çərçivəsində mütəmadi tədbirlər keçirilir. Dövlətin gənclər siyasətini rəhbər tutaraq rayonumuzda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
  
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, “Qarabağ müharibəsi əlilləri və şəhid anaları” İctimai birliyi rayon şöbəsinin sədri Nahid Rəhimov diqqətə çatdırdılar ki, SHXÇDX-nin yaranmasından qısa müddət keçməsinə baxmayaraq, uğurlu nəticələr əldə olunub. Qurum Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verib.
Çıxışlarda həmçinin Masallıda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı ilə bağlı uğurlu nəticələrin əldə edildiyi vurğulandı, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın haqq işinin qalib gələcəyinə əminlik ifadə olundu.
Xidmətin rayon şöbəsinin əməkdaşları Asif Əhədov, Nizami Vəlizadə və Rəvan Nəsibova, veteran hərbçi Ədalət Hüseynova, eləcə də bir neçə ictimai təşkilat rəhbərlərinə Fəxri fərmanlar təqdim olundu.

 



                                                                                 Akif AĞAYEV,

                                                                              “Yeni həyat”,
                                                                            
www.yeniheyet.az 
 

шаблоны для dle 11.2
Вернуться назад