Главная > Siyasət / Manşet > Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin (Məsim Məmmədovu) qəbul olunması ilə əlaqədar
Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin (Məsim Məmmədovu) qəbul olunması ilə əlaqədar30-03-2023, 12:27. Разместил: admin44 |
28 Mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi ki, Siz Məsim Məmmədov Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək. Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir. Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir. Beləliklə, Laçın rayonunun tarixçəsi, əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. Cənab Prezident çıxışında qeyd etmişdir ki, Məsim Məmmədov – siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz.Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq. Əlbəttə ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin. Cənab Prezident eyni zamanda qeyd etmişdir ki, Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda Su Elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə həyata keçirilmişdir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var. Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dedi: Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, azad edilmiş ərazilərə gedərək, orada erməni barbarları tərəfindən törədilmiş böyük dağıntıları görüb bir azərbaycanlı kimi dərin sarsıntı keçirməmək olmur. Buna baxmayaraq, eyni zamanda, mən həmin regionda aparılan böyük tikinti işlərinin şahidi oldum, gördüm ki, böyük əzmkarlıq var. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı həmin əraziləri tez bir zamanda bərpa etmək, oraya köçüb təzədən oraları inkişaf etdirmək əzmindədir. Məsim Məmmədov çıxışında qeyd edib ki, Cənab Prezident Sizi əmin etmək istəyirəm ki, mənim qarşımda qoyulan bütün vəzifə və tapşırıqları vaxtında əzmkarlıqla həyata keçirmək üçün səy və gücümü əsirgəməyəcəyəm. Əsas odur ki, Azərbaycan dövlətinə və cənab Prezident, Sizə vicdanla, təmiz və dürüst xidmət etmək mənim üçün böyük şərəfdir. Fərid Əyyubzadə, Banbaşı kəndi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |