Главная > Siyasət > Kaliforniyada Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib

Kaliforniyada Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib


23-02-2018, 17:02. Разместил: yeni321
 

Kaliforniyada Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində fevralın 21-də Xocalı soyqırımına həsr olunan geniş anım tədbiri keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu və San-Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
Tədbirdə Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, San-Dieqonun xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, sadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımını ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara təşəkkürünü bildirib. Baş konsul gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycanın bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verdiyini qeyd edib. N.Ağayev bildirib ki, belə bəşəri faciələrin qarşısının alınması üçün ən böyük vasitələrdən biri digər etnik kimliklərə və dini etiqadlara dözümlülüyün təşviq edilməsidir. Baş konsul Azərbaycanın bu sahədə özünün dərin tarixi irsindən güc alaraq bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də səmərəli iş apardığını vurğulayıb.
 
Sonra çıxış edən kilsənin yepiskopu Yan Riddel, San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq, Emmanuel sinaqoqunun ravvini Benj Frid, San-Dieqo İslam Mərkəzinin direktoru İmam Taha Hassan və San-Dieqo şəhərində fəaliyyət göstərən jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri Kontreras Xocalı soyqırımına həsr olunmuş bu anım mərasiminin yüksək önəm daşıdığını, günahsız insanların amansızcasına qətlə yetirilməsinin daim qətiyyətlə qınanılmalı olduğunu bildiriblər. Onlar, eyni zamanda, bir çox faciələrə sinə gərmiş Azərbaycanın öz yüksək tolerantlıq və multikulturalizm ənənələrini və kimliyini qoruyub saxlayaraq bu gün bütün dünyaya örnək olduğunu qeyd ediblər.
Çıxışlardan sonra sənədli film nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda müsəlman və yəhudi din xadimləri tərəfindən Xocalı şəhidlərinin xatirəsinə dualar oxunub.AZƏRTAC.
 шаблоны для dle 11.2
Вернуться назад