Главная > Siyasət > Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu


7-06-2018, 17:16. Разместил: admin44
Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
 
Sirəbildə səyyar qəbul

Torpağa biganə qalmayın
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun iyunun 6-da Sərçuvar ərazisinin Sirəbil kəndində  sakinlərlə  görüş-qəbulunda torpaqların əkilməməsindən, torpağa qayıdışa mane olanların əməllərindən söhbət getdi.
Rayon rəhbəri dedi ki, Sirəbil kiçik yaşayış məntəqəsi olsa da kifayət qədər torpağa malikdir. Ancaq burada torpağa laqeyd münasibət var. Görüşün növbədənkənar olmasına baxmayaraq  çox vacibliyini qeyd edən sözçü bildirdi ki, ölkənin rəhbəri xalqın rifahı üçün böyük  layihələr həyata keçirir. Xüsusilə, aqrar sahənin inkişafına qayğı var. Bu gün ölkədə 50-ə yaxın aqropark yaradılır ki, adamlar işlə təmin olunsun, bolluğa meydan açılsın. Ölkə Prezidenti cənab İlham Əliyev Lənkəranda keçirilən   müşavirədə bölgəmizdə çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə əlaqədar  qarşımızda mühüm vəzifələr qoyulmuşdur. Söhbəti çəltikçiliyin inkişafına çəkən RİH başçısı dedi:
- Dövlət Proqramına əsasən ölkədə 10 min hektar çəltik əkilməlidir. Azərbaycan düyüsü keyfiyyətinə görə dünyada nümunədir. Gəlirli sahə kimi əkinçiyə sərf edir. Masallı da bu sahədə sözünü deməlidir. Aldığım məlumata görə ötən əsrin sonlarında çəltikçiliyə siz başlamısınız. Sirəbil düyüsü bazarlarda adnan olub. Bəs niyə bu sahə unudulub? Xeyli bəhanə gətirilir. Su, texnika, torpağın aqrotexniki qaydada hazırlanması çətinliyi və s. Hamı mal-qara saxlamağa üstünlük verir. Ancaq yerli cinsdən olan heyvanların məhsuldarlığı çox aşağıdır. Bunu nəzərə alan yoxdur. Sirəbildə 145 ailənin dolanışığını təkcə heyvandarlıqla təmin etmək çətindir. Torpaq dövlətin sərvətidir. Dövlətin tələbi budur ki, torpaq əkilsin, adamlar işlə təmin olunsun, məhsullar bazarlara çıxarılsın. Konstitusiyada torpaq hüququna dair maddədə göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməlidir. Azərbaycan Respublikasının torpaq məcəlləsində dəyişikliklərdə bu barədə ciddi məsələlər açılır. Bir vaxtlar Sirəbildə yaxşı tərəvəz yetişdirilib. Bu gün bir hektar sahə belə əkilmir. Əkilməyən torpaqlar üçün cəzalar var. Torpaqların əkilməsi heç kimin diqtəsi ilə idarə oluna bilməz.
Rayon rəhbəri göstərdi ki, bu il rayonda 18,5 min  hektar torpaq şumlanıb. Adamlar torpağa qayıdır. Hamı dolanışığın yalnız torpaqda olduğunu başa düşüb.
Su çətinliyi var. Ancaq bu bizə əsas vermir ki, torpaqlara biganə qalaq. Muğan kəndlərində bir hektar sahə boş qalmayıb. Sərçuvarda da hər il xeyli sahədə pomidor, badımcan, çəltik əkilir. Hamınıza məlumdur ki, bir neçə il əkilməyən torpaqlar payçılardan alınıb onu əkib-becərməyə marağı olanlara veriləcək.
Rayon rəhbəri sözü sakinlərə verdi. Gülqədəm Fətullayeva, Aydın Fətullayev, Həbib Nəcəfov, Rafiq Abdullayev, Firdovsi Əhmədov şəxsi məsələlər, torpağın əkilməsi, su çətinliyi, məhsul üçün bazarın tapılması ilə əlaqədar  müraciət etdilər. Rayon rəhbəri müraciətlərin həyata keçməsi üçün tapşırıqlar verdi.
                                                                         
 
 
Çayqıraqda səyyar qəbul

Dövlətin sərvətinə xor baxmaq olmaz
 
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun Çayqıraqdakı səyyar görüş-qəbulu kəndin təzə məktəbində oldu. Rayon rəhbəri bildirdi ki, Çayqıraqda da torpağa qayıdış, kəndin inkişafına dəstək olmaq əvəzinə rayon rəhbərliyinə, yuxarı qurumlara torpaqların əllərindən qanunsuz alınması ilə əlaqədar  müraciətlər edilir. Belələri başa düşmək istəmirlər ki, dövlətin torpaq haqqındakı qanununu  heç kim poza bilməz. Ölkənin rəhbəri bu məsələləri çox dəqiq nəzarətdə saxlayır və aqrar sektorun inkişafına daim qayğı göstərir.
Burada da torpağın əkilməsinin qarşısı müxtəlif bəhanələrlə alınır. Halbuki bir vaxtlar rayonun kənd təsərrüfatını idarə edənlər arasında çayqıraqlılar da olub. Bu kəndin münbit torpağı, zəhmətkeş adamları olub. İndi neçə illərdir ki, bu qiymətli torpaqlar ancaq mal-qara tapdağındadır. Adamlar bu sahəni asan sayırlar. Torpaq dövlətin sərvətidir. Həmişə də sərvətini nəzarətdə saxlayır. Onu sənə mülkiyyət kimi verib ki, əkib-becərəsən, özünü dolandırasan, dövlətə də xeyrin dəysin. Əkin-biçin olmayan yerdə dolanışığa da yer yoxdur.
Torpaqların əkilməsi üçün dövlətin güzəştləri var. Yanacaq, texnika, toxum, gübrə verir. Rayon rəhbəri torpaq məcəlləsindən sitatlar göstərdi. RİH başçısı dedi ki, kənd təsərrüfatı təyinatlı torpağın əkilməməsi cinayətdir. Dövlət qanunvericiliyi gözlənilməlidir. Kəndinizdə 109,7 hektar pay torpağı var. Çəltikçiliklə bağlı cənab Prezident sərəncam verib. İndi bu sahə çox sürətlə inkişaf edir. Çünki gəlirlidir. Hər hektardan ən azı 5 min manat gəlir gətirir. Çəltikçilikdə istənilən universal texnika mövcuddur. Torpaqların əkilməsi üçün birlik lazımdır. Kooperasiyalar yaradın. Tək əldən səs çıxmaz,  deyirlər.
Torpaqdan istədiyi kimi istifadə edənlər var. Zəbt edilib, burada tikili yaradılıb. Dövlət Əmlak Komitəsinin icazəsi olmadan torpağın təyinatı dəyişdirilə bilməz. Qanunu pozanlar cəzalandırılacaqlar.
Əl-ələ verib torpağı əkin, kəndin inkişafına həyan olun. Müstəqil dövlətimiz xalqın rifahı üçün hər cür qayğı göstərir. Qanunun əleyhinə isə heç kim çıxa bilməz.
Bədəlan ağsaqqallar şurasının sədri Həmdulla Məmmədov dedi ki, cənab başçı, tövsiyələriniz sakinlərin xeyrinədir. Torpaq əkilməlidir. Çalışacağıq ki, bu sahədə maarifləndirməni genişləndirək. Hamı torpağa qayıtmalıdır ki, bolluq yaransın, işsizlik olmasın.
Mirhəsən Cəfərov da ölkədə, rayonda  gedən quruculuq işlərini təqdir etdi.
Eldar Eynullayev isə keçmiş çay fabrikinin həyətindəki yataqxana-yaşayış evinin təmirə ehtiyacı olması barədə müraciət etdi.
                                                                       Həsənağa ƏLİYEV.
                                                                                  “Yeni həyat”,
                                                                              
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад