Главная > Siyasət > Masallı gənclərinin orduya yola salınma mərasimi

Masallı gənclərinin orduya yola salınma mərasimi


9-07-2018, 15:03. Разместил: admin44

Masallıda Orduya yay çağırışı

Vətənə bağlılığın təcəssümü


9 iyulun könüllər oxşayan yay səhəri. Masallıda bayram əhval-ruhiyyəsi, coşqunluq var. Bayraq Meydanı. Təbiətin gözəlliyi, gül-çiçəyə qərq olmuş yaşıllıq, sərin fəvvarələr, geniş mənzərəli meydan adamı valeh edir. Ətrafa yayılan musiqi, dalğalanan üçrəngli bayrağımız hamıda xoş ovqat yaradır.
Qəlbində vətən, torpaq sevgisi olan oğulları əsgəri xidmətə yola salırıq. Bura toplaşanlar – rayon icra hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, əmək və müharibə veteranları, valideynlər bu günü həyatın ən gözəl çağlarından hesab edirlər. Bunu onların şən əhval-ruhiyyəsindən, xoş təbəssümündən də duymaq olur.
Əvvəlcə Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, önünə təzə-tər gül dəstələri düzərək ehtiramlarını nümayiş etdirən çağırışçılar əllərində bayraqlarla meydana daxil olurlar. Onlara yaxınlaşıram. Hamısı universitet məzunlarıdır. Köhnə Alvadılı Xalid Əliyev, Salman Salmanov, mahmudavarlı Bülbül Qasımov, ərkivanlı Ramin Cahangirov, güllütəpəli Murad Nəzirli, sərçuvarlı Nurlan Abdullayev, kubinli Röyal Ağayev, Xırmandalıdan Elmidar İmanov, yeyənkəndli Xalid Xaliqzadə və başqaları kişilik məktəbini alnı açıq, üzü ağ başa vuracaqlarını əminliklə ifadə edirlər.
Tədbirin rəsmi hissəsi başlayır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev çıxışında bildirir ki, bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad bunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında davam etdirilən ordu quruculuğu beynəlxalq aləmdə qətiyyətlə addımlamaq üçün əsas verir.
İki min hektar ərazinin işğalçılardan təmizlənməsi, Lələtəpədə, Ağdərə dağlarında bayrağımızın dalğalanması, strateji əhəmiyyətli minlərlə hektar torpağın Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, Aprel döyüşləri, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun rəşadət göstəricisidir.
Xalq-ordu birliyi imkan verir ki, müstəqilliyimizi daha inamla qoruyaq. Bu gün masallılı gənclərin böyük ruh yüksəkliyilə hərbi xidmətə yola düşməsi bu inamın təcəssümüdür.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı qeyd edir ki, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir ordunun formalaşmasına nail olmuşdur. Son illər ölkəmizdə müasir silah və hərbi texnika istehsal olunur və hətta xaricə ixrac edilir. Orduya çağırılan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar silahlı qüvvələrimizin daha da güclənməsi, ölkəmizin müdafiə qabiliyyətinin qüdrətlənməsi üçün əllərindən gələni etməli, öz hərbi bilik və bacarıqlarını artırmalıdırlar.
MƏSQ Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev çağırışçılara torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalarını tövsiyə edir.
Valideyn Gültab Qasımova gənclərə Vətənə, doğma torpağımıza sədaqətli olmaqlarını tapşırır.
Çağırışçı, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Fərid Şahverdiyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirdi, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verir.
Çıxış edənlər ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayırlar.
Meydan musiqiyə verilir. Rayonun incəsənət ustalarının – Miriş Hüseynlinin, Rauf Gülverdiyevin, Ruslan Zahidovun ifasında vətənpərvərlik, qəhrəmanlıq mahnıları səslənir, Heydər Əliyev Mərkəzi rəqs qrupunun çıxışları izlənilir.
Gənclərin ordu sıralarına yolasalınma mərasimi başa çatır. Çağırışçılar Azərbaycan Bayrağını öpüb “Qurani-Kərim”in altından keçirlər.
Sonra milli marş sədaları altında onlar üçün ayrılmış avtobuslarda öz yerlərini tutan sabahın əsgərləri doğmalarının xeyir-duası ilə hərbi xidmətə yola düşürlər.

Akif AĞAYEV.
“Yeni həyat”,
www.yeniheyet.az

 


 
 





 

 

 
 
 шаблоны для dle 11.2
Вернуться назад