Главная > Siyasət > Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir

Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir


10-08-2018, 15:02. Разместил: admin44
 
Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir


Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, avqustun 10-da  Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
 
 
Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdirdilər.

 
Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Tacikistan Prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli Emoməli Şərifoviç. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq və bunların arasında çox mühüm sənəd olan prezidentlərin Birgə Bəyanatının imzalanmasını qeyd etmək istərdim.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək. Bir daha xoş gəlmisiniz.
Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:
-İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun.


 
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezidentlər görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik.
Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.
Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.
Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram.
x x x
Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:
-Çox sağ olun hörmətli İlham Heydər oğlu və əziz azərbaycanlı dostlar. Biz bugünkü görüşümüzə çox şadıq. İlk növbədə, dost Azərbaycana rəsmi səfərə dəvətə, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımızı bildirmək istərdim.
Tacikistan Respublikası xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirir. Qeyd etməyə şadam ki, bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.
Hörmətli İlham Heydər oğlu, müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir. Mən görüş zamanı bu barədə danışdım. Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır. Səmimi qəlbdən Sizə uğurlar və Azərbaycan xalqının rifahı naminə nailiyyətlər arzulayıram.
Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq.


 
Azərbaycan-Tacikistan sənədləri imzalanıb

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dövlət başçılarının Birgə Bəyanatını imzaladılar.
“Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda imzaladılar.
“Azərbaycan Sənaye Korporasiyası” ilə “Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzaladılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Tacikistan Hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Maxmadsaid Şoxiyon imzaladılar.
“SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Tacikistan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, Sərhəd Qoşunlarının komandanı Rəcəbəli Rəhmonəli imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Tacikistanın Qida Təhlükəsizliyi üzrə Komitəsinin sədri Farxod Kamolzoda imzaladılar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”u Azərbaycanın təhsil naziri Ceyhun Bayramov və Tacikistanın təhsil və elm naziri Nuriddin Said imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şavkat Bobozoda imzaladılar.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Tacikistanın baş prokuroru Yusif Rəhmon imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirociddin imzaladılar.

 
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, əziz dostlar.
Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.
İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanıqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək.
Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb.
Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır. Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.
Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik. Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Bir daha xoş gəlmisiniz hörmətli cənab Prezident.
x x x
Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon bəyanatla çıxış etdi.
Prezident Emoməli Rəhmonun bəyanatı
-Sağ olun hörmətli İlham Heydər oğlu.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, əziz dostlar.
Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaq və Azərbaycan xalqının səmimi sevincini duymaq mənim üçün xoşdur. Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıyıq.
Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir. Bu barədə indicə İlham Heydər oğlu sizə məlumat verdi. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığımızın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində oldu. Bu cəhətdən biz ticari-iqtisadi əməkdaşlıq üzrə iki ölkənin dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi kimi birgə hökumətlərarası komissiyanın mühüm rolunu qeyd etdik. Biz o fikirdə həmrəy olduq ki, komissiya çərçivəsində əldə olunmuş razılaşmaların dəqiq yerinə yetirilməsi və imzalanan dövlətlərarası sənədlərin reallaşdırılması bizim ticari-iqtisadi münasibətlərimizin gələcək inkişafının amilidir. Biz hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir. Bu səfərin gedişində ikitərəfli əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə işləri davam etdirdik. Danışıqların nəticələrinə görə bu gün imzaladığımız sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində də qarşılıqlı fəaliyyətimizin perspektivlərini müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik.
Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur.
Mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.
Bizim konstruktiv dövlətlərarası dialoqumuzun davamı üçün mən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət etdim.
Hörmətli İlham Heydər oğlu, bir daha Sizə və sizin simanızda qardaş Azərbaycan xalqına səmimi qəbula və ənənəvi Azərbaycan qonaqpərvərliyinə görə təşəkkür edirəm. Sağ olun.шаблоны для dle 11.2
Вернуться назад