Главная > Təhsil > Masallı məktəbliləri Mübariz İbrahimovun ev muzeyini ziyarət ediblər

Masallı məktəbliləri Mübariz İbrahimovun ev muzeyini ziyarət ediblər


16-04-2019, 14:42. Разместил: yeni321
Masallı məktəbliləri Mübariz İbrahimovun ev muzeyini ziyarət ediblər

Masallı rayonundakı Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbin müəlim və şagirdlərindən ibarət bir qrup nümayəndə heyəti şəhid Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.
Məktəbin direktoru Kamal Təhməzov görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd edib ki, Mübariz az yaşasa da canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun qəhrəmanlıqlarla dolu həyatı ilə fəxr edir. Mübariz xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl cəngavər kimi 5 saat təkbaşına döyüşüb. Düşmən hərbiçiləri əvvəlcə elə zənn ediblər ki, onlara qarşı Azərbaycan Ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Qeyri-bərabər, amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
K.Təhməzov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha isbatladı. O, bu şücaəti ilə Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübarizin qəhrəmanlığından örnək alır, nümunə götürür. Təhsil müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır. Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin təşəkkürünü bildirib.
A.İbrahimov şagirdlərə dərslərini mükəmməl öyrənməyi, təhsildə davamlı nailiyyətlər göstərərək bu sahədə də düşmənə qarşı hər zaman qalib gəlməyi tövsiyə edib.
Sonda ziyarətçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnal və qəzetlərdən ibarət guşəyə baxıblar.



 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад