Главная > Təhsil > DQİDK Masallıda "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçib

DQİDK Masallıda "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçib


13-05-2019, 14:06. Разместил: admin44
DQİDK Masallıda "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçib 

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Masallı Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallıda "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə DQİDK, Masallı RİH-nin, rayon təhsil şöbəsinin rəhbər və məsul şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları, rayonun aktiv gəncləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova gənclərin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan A.Qafarova vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib. Çıxışında maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.
Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. G.İsmayılovun sözlərinə görə, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. O, "Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər bir kəsdə zərərli dini təbliğata qarşı "immunitet” formalaşdırmaq olduğunu söyləyib.
Daha sonra Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək, dini maarifləndirmənin gənc nəslin tərbiyəsində və yetişdirilməsində böyük önəm daşıdığından bəhs edib. O, ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi yönümündə şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyini gündəmə gətirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Seminar-treninq işini müzakirələrlə davam etdirib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад