Главная > Təhsil > Buraxılış imtahanında ən yüksək bal toplayan Masallı məktəblisi

Buraxılış imtahanında ən yüksək bal toplayan Masallı məktəblisi


29-05-2019, 20:32. Разместил: yeni321
Buraxılış imtahanında ən yüksək bal toplayan Masallı məktəblisi

Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri açıqlanıb.
Buraxılış imtahanının maksimum nəticə göstərən iki məzunundan biri Masallı rayonundandır. Digər rekordçu isə Qax məktəblisidir.
Masallı şəhərindəki, şəhid Sakit Tağıyev adına 4 saylı Digah tam orta məktəbinin on birinci sinif şagirdi Şəhriyar Şahin oğlu Səmədov ona təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə göstərərək 300 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.
Nəzərə çatdıraq ki, Şəhriyar Səmədov dəfələrlə olimpiadalarda yüksək nəticə göstərib. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadasının (riyaziyyat fənni üzrə) yarımfinal – bölgə mərhələsinin qalibi olub. Finalda iştirakına görə Təhsil Nazirliyinin sertifikatına layiq görülüb. Doqquzuncu sinifdən etibarən bütün sınaq imtahanlarında uğurlu nəticələr (609-680 bal) göstərib.
O, buraxılış imtahanlarına xüsusi bölgü ilə hazırlaşdığını deyir. İkinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarına qatılan Masallı məktəblisi yay qəbul imtahanlarında iştirak edib 700 bal toplamaq niyyətindədir. Şəhriyar Səmədovun məqsədi Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, maliyyə ixtisasına yiyələnməkdir.
Masallı şəhər 4 saylı Digah tam orta məktəbinin digər məzunu, Şəhriyarın sinif yoldaşı Xalid Rüstəmov da buraxılış imtahanının birinci mərhələsindən 268 bal toplayıb. O, keçən il Lənkəran Dövlət Universitetinin keçirdiyi regional olimpiadanın (riyaziyyat fənni üzrə) qalibi olub. Digər həmsinifi Ağa Ağayev isə bu olimpiadada üçüncü yeri tutub.
Şəhriyarın atası Şahin Səmədov övladının təhsil aldığı məktəbdə Azərbaycan dili-ədəbiyyatı fənnini tədris edir. O, oğlunun həm müəllimi, həm də valideyni kimi sevindiyini, Şəhriyarın digər fənn müəllimlərinə, xüsusən riyaziyyat müəllimi Camaləddin Əliyevə və tarix müəllimi Cahid Ağayevə minnətdarlığını bildirir.
Qeyd edək ki, Səmədovlar ailəsinin sonbeşiyi olan Şəhriyarın qardaşı Fərid Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib, hazırda hərbi xidmətdədir. Bacısı isə kənd məktəbində müəllim işləyir.
Xatırladaq ki, daim öz üzərində çalışan bu istedadlı şagird – Şəhriyar Səmədov boş vaxtlarında rəssamlıqla məşğul olur, hətta bir neçə əl işinin müəllifidir.  
Bir daha Şəhriyarı təbrik edir, ona uğurlar arzulayırıq.

Akif AĞAYEV, 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад