Главная > Təhsil / İdman > Məktəbli futbolçunun uğurları

Məktəbli futbolçunun uğurları


25-01-2022, 11:52. Разместил: admin44

"Onda futbola maraq, həvəs dörd yaşında yaranıb. Qəzvinoba məktəbində 2-ci sinifdə oxuyanda gördüm ki, uşağın futbola olan sevgisi daha da artır, istəyinə mane olmadım. Futbol yarışlarına da vaxt tapıb tamaşaçı kimi özüm də onunla gedirəm, maraqlanıram, bir valideyn kimi gücümü övladımın gələcək arzularına sərf etməyə hazıram" - deyə atası Firdovsi Tağıyev futbolçu oğlu barəsində sevinclə, fəxrlə, ürəkdolusu danışdı...
Öyrəndim ki, Kərim Firdovsi oğlu Tağıyev 30 may 2008-ci ildə Masallı rayonunun Qəzvinoba kəndində anadan olub. Kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdidir. Məktəb direktoru Sevda Nuriyeva, sinif rəhbəri Firəngiz Rəsulova onun fəal şagird, idmanı çox sevən şagird kimi dəyərləndilər.
Məktəbin əvvəlki direktoru, rəhmətlik Oktay müəllim o vaxt bir qrup məktəbli futbol həvəskarlarına üzünü tutub demişdi: "Gəlin, sizi yarışlara hazırlaşdıraq..." Kərim Tağıyev də ruhlanaraq şəxsi təşəbbüs göstərdi. On nəfər sinif yoldaşından ibarət, 2008-ci il təvəllüdlü yaş qrupları üzrə "Viləş" adlı futbol komandası yaradıldı. Və komandanın kapitanı da (10 nömrəli hücumçusu) Kərim özü oldu.
Kərim yeddi ildir ki, İdman klubunda, həftədə üç dəfə məşq edir. O, hazırda "Alyans" Futbol Klubunda çıxış edir. Məşqçisi Ümid müəllimdir.
İlk dəfə seçmə yarışları Hişkədərə kəndində keçirildi. Onda məşqçi Möhsün Tağıyev, AFFA-nın cənub bölgəsi üzrə nümayəndəsi Rövşən Süleymanov idi.
Kərim sonrakı 2016, 2018, 2019-cu illərdə keçirilən futbol yarışlarında iştirak etdi və seçildi.
2018-2019-cu tədris ilində təlimdə qazandığı uğurlara görə Masallı Rayon Təhsil şöbəsi Qəzvinoba kənd ümumi orta məktəbinin şagirdi Kərim Tağıyevi təltif etmişdi.
AFFA-nın təşkil etdiyi U-11 liqalar arasında keçirilən ilin birinciliyində cənub zonasının ən yaxşı bombardiri, hücumçusu adına layiq görüldüyünə görə Kərim Tağıyev 30 may 2019-cu ildə təltif olunmuşdur.
Hazırda AFFA-nın təşkil etdiyi yarışlarda U-14 liqalar arasında Astara UGİM-nin futbol komandasında iştirak edir və həmin qrupda birincilər sırasındadır. Məşqçisi Qəhrəman müəllimdir.
Qəzvinoba məktəblisi, futbolçu Kərimin uğurları çoxdur. İnanırıq ki, gələcək futbol yarışlarında da birincilər sırasında olacaq, əsl futbolçu kimi şan-şöhrət qazanacaq və tanınacaqdır.


İsa HÜSEYNOV,
ştatdankənar müxbirimiz.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад