Главная > Təhsil > “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başlayır
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başlayır13-03-2018, 18:05. Разместил: yeni321 |
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başlayır IX tur-aksiyada 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 400-dək şagird iştirak edəcək Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 16 min 860 nəfər iştirak edib. Martın 15-18 və 26-29 tarixlərini əhatə edəcək növbəti 9-cu tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR də daxil olmaqla 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq. Tur-aksiyanın marşrutunda paytaxt Bakını xüsusi qeyd etmək lazımdır. Bu gün Bakı öz inkişafı, füsunkar gözəlliyi ilə dünyanın meqapolislərindən birinə çevrilib. Bakı artıq qədimliklə müasirliyin harmoniyasının simvoludur. Əsrlərin yadigarı olan Qız qalası Bakının qədimlik, möhtəşəm Alov qüllələri, əzəmətli Dövlət Bayrağı Meydanı, dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzi Azərbaycan paytaxtının müasirlik rəmzləridir. Son illər Bakı çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Mədəniyyətlərarası dialoq, beynəlxalq humanitar forumları, idman yarışları, musiqi festivalları Bakını geniş coğrafiyada tanıdıb. Bakının adı müasir tariximizə Beynəlxalq Humanitar forumların, “Eurovision-2012” musiqi yarışmasının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, “Bakı-2015” birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-prisinin, Dünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi kimi daxil olub. Tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edəcək naxçıvanlı məktəblilər bu mühüm tədbirlər barədə ətraflı məlumat alacaq, Azərbaycan paytaxtının keçdiyi inkişaf yolu ilə tanış olacaq, tarixi və müasir yerlərə ekskursiyalar edəcəklər. Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr verib. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar. Naxçıvanda inkişafın miqyası illərlə, aylarla deyil, günlərlə ölçülür. Təsadüfi deyil ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin, həmçinin respublikamızın Gənclər paytaxtı elan olunub. Bütün bu uğurları Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində əldə edib. Bu gözəl diyarda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçıları blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, məktəblilər Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar. Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları Gəncənin yeni xəritəsində əksini tapıb. Tur-aksiyanın iştirakçıları bu yeniliklərlə tanış olacaq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi və Gəncə Dövlət Filarmoniyasının yeni binasına ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər. Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Masallı və Astara rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur. Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfər edəcək məktəblilər bütün bunlarla, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN həyat” kompleksinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq. Ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib. Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi bu baxımdan ölkəmizin iqtisadi həyatında mühüm hadisəyə çevrilib. Xüsusi qeyd etmək lazımdır ki, respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Şəkidə yeni tut bağları salınır, baramaçılığın, ipəkçiliyin ənənələri yenidən bərpa olunur, “Şəki-İpək” kombinatında geniş yenidənqurma işləri həyata keçirilir. Bir sözlə, qədim ipəkçilik sənəti ilə məşhur olan Şəkidə indi bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki həm də öz mətbəxi, adət-ənənələri və tarixi məkanlar ilə fərqlənir. Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər. Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını, eləcə də “Formula-1” yarışlarını misal göstərmək olar. Bütün bunlara Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində nail olunub. Bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər arasında təbliği üzərində qurulub. Eyni zamanda, ölkəmiz üçün yeni olan idman növləri də gənclər arasında yayılmaqdadır. Qəbələdəki “Tufandağ” Xizəkçilik Kompleksi, Qubadakı qolf meydançası, “Şahdağ” turizm mərkəzindəki xizək məktəbi həm turizmin inkişafı, həm də yeni idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamət üzrə səfər edəcək şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Sadalanan ənənəvi və gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun qarşısında duran əsas hədəflərdəndir. Şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq. Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarında marağına səbəb olacaq. Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləbaran etməsi barədə ətraflı məlumat veriləcək. Belə ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yenidən həyat qayıtdı. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində kənd qısa müddətdə yenidən quruldu, məcburi köçkünlər öz doğma yurdlarına döndülər. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. Bu barədə məlumatlar məktəblilərin vətənpərvərlik ruhunu yüksəldəcək. Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar. Diqqətə çatdırılacaq ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Yeni müqavilə həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını göstərir. Son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. 2017-ci il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var. Şagirdlər bütün bu layihələr barədə məlumatlandırılacaqlar. Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.AZƏRTAC. Вернуться назад |