Главная > Turizm > “Ölkəmizi tanıyaq”: Masallıdan xoş təəssüratla ayrılıblar
“Ölkəmizi tanıyaq”: Masallıdan xoş təəssüratla ayrılıblar18-11-2017, 17:12. Разместил: yeni321 |
“Ölkəmizi tanıyaq”: Masallıdan xoş təəssüratla ayrılıblar Bakı şəhərinin Nərimanov, Binəqədi, Nizami, Sabunçu, habelə Zəngilan, Şuşa, Balakən, Zaqatala, Qax və Yevlax rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Masallı rayonuna ekskursiya ediblər. Masallıda qonaqları rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə məktəblilərə məlumat verən A.Qafarova bildirib ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunur. Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. Yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Diqqətə çatdırılıb ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. Bu il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var. Məktəblilər ümummilli liderin parkda ucaldılmış abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonra tur-aksiya iştirakçıları Masallı uşaq ncəsənət məktəbinə gəliblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Məktəblilər "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, “İntellektual Mərkəz”də Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyiblər. Qrup rəhbərlərindən Emilya Səfərəliyeva (Nərimanov rayonu, 36 nömrəli məktəbin direktoru), Cəmilə Əhmədova (Şuşa rayonu Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin direktor müavini), Ceyhun Abbasov (Sabunçu Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi) və başqaları Masallı haqqında ən xoş təəssüratlarını bölüşüb, şəhərdəki müasir quruculuq işlərini, Masallı qonaqpərvərliyini və tur-aksiyanın təşkilini yüksək qiymətləndiriblər. Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyilə tanışlıq da şagirdlərdə zəngin təəssürat doğurub. Həmin gün tur-aksiyanın Bakı şəhərinin Nərimanov, Binəqədi, Nizami, Sabunçu, habelə Zəngilan və Şuşa rayonlarından olan iştirakçıları Lənkəran rayonuna səyahət ediblər. Həsənağa ƏLİYEV, “Yeni həyat”. Вернуться назад |