DataLife Engine > Версия для печати > Sağlamlığınız üçün Azərbaycana gəlin!
Главная > Turizm > Sağlamlığınız üçün Azərbaycana gəlin!

Sağlamlığınız üçün Azərbaycana gəlin!


8-06-2018, 21:25. Разместил: admin44
 
Sağlamlığınız üçün Azərbaycana gəlin!

Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın sağlamlığını bərpa etmək üçün tez-tez səyahət etdiyi ölkələrdən biridir. Respublikada kurort zonalarının infrastrukturu sürətlə inkişaf edir, istənilən zövqə və tələbata uyğun otel və pansionatlar tikilir. Ölkədə bir çox mineral bulaqlar var ki, kimyəvi tərkibindən asılı olaraq onlardan bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, Qalaaltı bulağının suyu böyrək xəstəliklərinin, Masallının termal suyu isə bir çox xəstəliyin müalicəsində faydalıdır. Azərbaycanın daha bir müalicəvi sərvəti təbii duzdur. Naxçıvanda müasir sanatoriyanın fəaliyyət göstərdiyi Duzdağın şöhrəti hər yerə yayılıb.


Qalaaltı – daşı əridən su

Bakının 120 kilometrliyində, Şabran rayonunda dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən “Qalaaltı” müalicə-istirahət kompleksi ötən əsrdən fəaliyyət göstərməyə başlayıb. 1969-cu ildə Qalaaltının dağətrafı meşələrində müalicəvi mineral su mənbələri aşkar edilib və onların yaxınlığında tez bir zamanda ümumittifaq əhəmiyyətli istirahət məkanına çevrilən sanatoriya tikilib. Kompleksdə əsas müalicəvi amil unikal sudur. Bu, tərkibində zəngin hidrokarbonat və natrium-kalsiumun, habelə Naftusya tipli orqanik maddələrin olması ilə Ukraynanın Truskavets kurortunun suyundan da üstündür.
Hazırda “Qalaaltı” müasir müalicə-istirahət kompleksi ilə köhnə sovet sanatoriyası arasında heç bir bənzərlik yoxdur. Burada dəyişməyən isə şöhrəti artmaqda davam edən həmin unikal sudur.
Naftusya mineral suyunun müalicəvi xüsusiyyətləri çoxdan məlumdur – mənbələrdə onun faydası barədə ilk dəfə 1578-ci ildə bəhs olunub. Adından da məlum olduğu kimi, bu, bütün dünyada tərkibində neft mənşəli orqanik maddələrin bol olduğu yeganə müalicəvi sudur. Meşədə böyük ehtiyatlara malik yeddi su mənbəyi aşkar edilib. Suyun debiti dəqiqədə 10 min litrdən çoxdur. Bu yataqlardakı Naftusya sözügedən bölgədəki suyun müalicəvi xüsusiyyətlərinin əsas göstəricisi olan orqanik maddələrlə zəngindir. Qalaaltı suyundakı orqanik maddələrin təkrarolunmaz təbii kompleksi, bir çox ölkələrdən olan həkim-uroloqların da qəbul etdiyi kimi, onu dünyada yeganə müalicəvi mineral suya çevirib.
Qalaaltı suyunu bilavasitə bulaqdan içmək olar, çünki tərkibindəki uçan orqanik maddələr səbəbindən onu saxlamaq və daşımaq mümkün deyil. Ən müasir avadanlıqla təchiz edilmiş “Qalaaltı” müalicə-diaqnostika mərkəzində yerli kurortologiya və fizioterapiyanın ən yeni texnologiyalarının dünya səhiyyəsinin ən yaxşı nailiyyətləri ilə vəhdəti mövcuddur.
Müxtəlif formalı böyrəkdaşı, qastroentoloji xəstəliklərin müalicəsində Qalaaltı suyu olduqca faydalıdır. Sanatoriyanın dəhlizində divardan asılmış və bu suyun qeyri-adi təsiri sayəsində pasiyentlərin böyrək və mədəaltı vəzilərindən çıxarılmış duz və daşların toplandığı sınaq şüşələrini görmək olar.
İmmunoloji təsiri sayəsində Qalaaltı suyu orqanizmin müdafiə gücünü bərpa edir, orqanlarda və toxumalarda iltihab prosesinin aradan qalxmasına, mübadilə məhsulları və toksik maddələrin çıxmasına kömək edir və bununla orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Kompleksdə qonaqların asudə vaxtını səmərəli keçirmələri üçün beşulduzlu dəbdəbəli otel də var. O, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə IV-VI əsrlərdə ucaldılmış, vaxtilə möhtəşəm və alınmaz olan qədim Cıraqqalanın xarabalıqları üzərində, qaya altındakı dağ meşələrinin qoynunda tikilib.

 
Masallı – qaynar müalicə

Azərbaycanın daha bir bölgəsi – Masallı qədim vaxtlardan öz müalicəvi suları ilə tanınır. Onların ən məşhuru isə İstisudur. Bu termal bulaq dəniz səviyyəsindən 1650 metr yüksəklikdə Dəmbəlov dağının yamaclarında, Viləşçayın sahilində bir neçə mənbədən çıxır. Əsrlərboyu insanlar bu bulağın suyunu min bir dərdin dərmanı hesab ediblər.
1960-cı ildə həkim-alim Mir Kazım Aslanlı–Sarəng bu suyun tərkibində hidrogen sulfit, kalsium, natrium xlor, hidrokarbonat maqnezium, yod (hər litrdə 30 milliqram) olduğunu müəyyən edib. Su yerin təkindən 90-250 metr dərinlikdən isti halda (69 dərəcəyə yaxın) çıxır. Ondan revmatizm, radikulit, dəri, böyrək, sidik yolları və digər xəstəliklərin müalicəsində istifadə olunur. Müalicə həkim diaqnozu və nəzarəti ilə aparılmalı, bir kursu 10-15 müalicə vannasından ibarət olmalıdır.
Mir Kazım Aslanlı–Sarəngin kəşfi böyük maraq doğurdu. Dövlət tərəfindən İstisu bulağına Sovet İttifaqının müvafiq klinikaları və aparıcı elmi mərkəzlərindən on iki alim dəvət olundu və onlar da Aslanlı–Sarəngin rəylərini təsdiqlədilər. 1971-ci ildə müalicəvi bulaq ümumittifaq əhəmiyyətli müalicə-kurort statusu aldı və intensiv istifadə olunmağa başlandı.
Hazırda “Fatimeyi-Zəhra” sanatoriyası adlanan bu şəfa ocağında bütün prosedurlar həkim nəzarəti altında aparılır. Buraya gələn hər kəsə qoyulmuş diaqnozun və keçiriləcək prosedurların göstərildiyi sanatoriya-kurort kitabçası verilir. Sanatoriyada mükəmməl müalicə olunmaqla yanaşı, yaxşı istirahət etmək də mümkündür. Məsələn, Viləşçayın sularında insanın bütün yorğunluğu çıxar. Çayın bir hissəsində termal bulağın suları daşların üzərinə tökülür və çayın soyuq suyuna qarışaraq, bir növ, təbii termal vannalar meydana gətirir. Çayda üzən xırda diribaş balıqlar istirahət edənlərin dərisində açıq yerləri çimdikləyir. Onların dəri xəstəliklərinin müalicəsinə kömək etdiyi hesab olunur.
Çayın digər hissəsinin yaxınlığında “Mədə” adlı təbii şəfa suyu var. Adından da göründüyü kimi, bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Maraqlıdır ki, burada hər daşın altında zərərsiz kiçik yengəclər də var.
İstisu bulağının yaxınlığında, Yanar dağın ətəyində daha bir sanatoriya var. Həqiqətən, zirvəyə aparan qayalıqdakı dar pillələrlə qalxdığınız zaman qarşınızda heyrətamiz mənzərə canlanır: torpağın altından alov yüksəlir. Onlar əsrlərcə yığılıb qalmış təbii qazların yanması nəticəsində meydana gəlir.
Lakin möcüzənin şahidi olmaq üçün çox uzaqlara getmək lazım gəlmir: aşağıda, sanatoriyada istirahət edənləri ondan da az heyrətamiz olmayan Yanar bulaq gözləyir. Onun da yaranması qazlarla bağlıdır və alovlar termal su ilə yerin səthinə çıxır. Qırmızı alov dilləri sanki kükürd mənbəyinin üzərində əbədi rəqs edir. Bu bulaqda suyun hərarəti qonşu “Fatmeyi-Zəhra” sanatoriyasında olduğundan yüksəkdir və 76 dərəcəyə çatır. Suyu əvvəlcədən çənlərə doldurur və insan bədəni üçün normal olan 34-36 dərəcəyədək soyudur, sonra otel otaqlarında vannalara və hovuzlara verirlər.
Yanar bulağın suyu sulfidlər, kalsium, natrium, xlor və birləşmələri, yod, maqnezium, metan və digər elementlərlə zəngindir. Bu elementlər orqanizmə müsbət təsir göstərir və hipertoniya, qaraciyər və öd kisəsi yolları, artrit və digər xəstəliklərin müalicəsində istifadə olunur.
 
Naxçıvan – sinə dolusu nəfəs alın

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin sakinlərinin 15 milyona yaxını bronxial astmadan əziyyət çəkir. Bir çox xəstəliklərin, o cümlədən astmanın müalicəsi duz mədənlərində speleoterapiya (yunancadan “spelain” – mağara deməkdir) yolu ilə daha səmərəli aparılır. Bu cür şaxtalar Polşadakı Krakov şəhəri, Ukraynadakı Solotvino qəsəbəsi, Ujqorod və Naxçıvanda mövcuddur.
Naxçıvanın rəmzlərindən biri olan 90 milyon tona yaxın olan duz ehtiyatları ilə zəngin Duzdağ müalicəvi əhəmiyyətə də malikdir. Burada istirahət və müalicəyə gələnlər üçün hər cür şərait yaradılıb. Xüsusilə, öz oteli və fizioterapiya mərkəzi olan “Duzdağ” kompleksi bu ərazidə yerləşir.
Mərkəzin müalicəxanası yeraltı və yerüstü olmaqla iki hissədən ibarətdir. Biri “Duzdağ” oteli, digəri isə dağın altındakı girişdən 300 metr dərinlikdə olan duz mədənidir. Oteldə palatalar, kafelər, TV salonu və kitabxanalar yerləşir.
Xəstələrin müalicəsi tibb personalının nəzarəti altında həyata keçirilir. Yeraltı müalicəxanada bütün yaşlardan olan insanlar müalicə ala bilərlər. Uşaqlar burada 8 gün, böyüklər isə 16 gün qalırlar. Şaxtaların allergik təsiri yoxdur, çünki burada ilin bütün fəsillərində temperatur 18,5–20 dərəcə arasında dəyişir. Odur ki, burada müalicə ilboyu aparılır. Müalicə kursları başa çatdıqdan sonra böyüklərdə 65–70 faiz, uşaqlarda isə 80–85 faiz yaxşılaşma müşahidə edilir.
Gündüz vaxtlarında otelin rahat otaqlarında istirahət edə bilərsiniz. Akvapark, açıq və örtülü hovuzlar, basketbol, futbol meydançaları, tennis kortları və idman-əyləncə mərkəzləri sizin xidmətinizdə olacaq.
Qeyd edək ki, Naxçıvan duzu dəniz duzundan fərqlənir. Əsl Naxçıvan duzu ekoloji cəhətdən təmizdir, tərkibində ağır minerallar yoxdur və şəfalıdır. Bu duzun tərkibində olan maqnezium ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi üçün də faydalıdır.
Duzdağ mədəninin istismarına təxminən eramızdan əvvəl III minillikdə başlanılıb. Bu diyarda indiyədək duzun əl üsulu ilə çıxarıldığı və atlara yükləndiyi qədim şaxtalar qalıb. Duzdağda duzun sənaye üsulu ilə çıxarılmasına 1927-ci ildən başlanılıb. Hazırda burada qazma üsulu ilə illik duz istehsalı 6-8 ton təşkil edir. Emal edilən duz kristal və doğranmış formalarda satılır. Sexlərdə bir ton doğranmış duzun tərkibinə qalxanvarı vəzi xəstəliklərinin profilaktikası üçün 66 qram yod əlavə olunur.(AZƏRTAC)шаблоны для dle 11.2
Вернуться назад