Главная > Turizm > Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək

Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək


2-08-2018, 18:11. Разместил: admin44

Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək

Lənkəran şəhərində “Ekoloji Tarazlıq” (Azərbaycan) və “KeTuRy” (Finlandiya) İctimai Birlikləri tərəfindən “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində təlimlər keçirilib.
Layihə Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyilə gerçəkləşib. İki gün (23-24 iyul) davam edən təlimlərdə Astara, Lənkəran və Masallı rayonlarından sahibkar və ya sahibkar olmaq istəyən qadınlar – dərzilik, toxuma əl işləri, turizm bələdçiliyi və s.peşə sahibləri iştirak ediblər.
Layihənin əsas məqsədi Kənd Turizminin marketinq Strategiyasının hazırlanması və ictimai müzakirəsi, ölkəmizdə, o cümlədən Finlandiyada turizm və sahibkarlıq ixtisası üzrə təhsil alan tələbə və müvafiq mütəxəssislər arasında fikir mübadiləsi aparmaq, qazanılan təcrübələri bölüşdürmək, Azərbaycanda turizm sahibkarlığı üzrə beynəlxalq təcrübələrin geniş təbliği, Finlandiya  vətəndaşlarının respublikamıza səfərlərinin təşkili, Azərbaycanda kənd turizmi yönümlü turlarda iştirakı və dayanıqlı kənd turizm potensialının gücləndirilməsidir.
Qadınlara sahibkarlıq fəaliyyətinin qurulması, sahibkarlığın hüquqi formaları, biznes plan və marketinq, turizm biznesinin inkişafı, sənətkarlıq sahəsinin turizm sahəsilə əlaqələndirilməsi və biznesinin qurulması və s. kimi mövzulardakı təlimləri beynəlxalq dərəcəli (Beynəlxalq Əmək Təşkilatının) biznes-təlimçi Rafət Şirəliyev aparıb.
Bildirilib ki, bölgədə kənd turizmi potensialı çox böyükdür. Lənkəran-Astara turizm bölgəsi öz suptropik iqlimi, təbiəti və abidələri ilə kənd turizm mərkəzlərinin yaradılması üçün potensial ərazilərdəndir. Həmin bölgə mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində istisu mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir.
Lənkəranda Haftoni, Xanbulan, Rvo, Vel-Siyavar, Kənarmeşə,  Sütəmurdov, Lerikdə Hamarmeşə, Günəşli, Lüləkəran, Sivəkəran, Astarada Kijəbə, Tüləgüvan, Sım, Siyəkü, Əsxənəkaran, Masallıda Şıxlar, Qəriblər, Mahmudavar, Tüklə, Qızılağac, Yardımlıda Pirembel, Çayüzü kəndləri öz unikallığı ilə turistləri ən çox cəlb edən turizm məkanlarıdır.
Layihə çərçivəsində Lənkaran-Astara, Şəki-Qəbələ, Quba regionlarında kənd turizm sahəsində fəaliyyət göstərən qadınların biznes biliklərinin artırılması, onlar üçün geniş imkan yaradılması nəzərdə tutulur.
Təlimlər zamanı təkliflər səsləndirilib, suallar cavablandırılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад