Главная > Mədəniyyət / Manşet > Masallıda Əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılıq görüşü

Masallıda Əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılıq görüşü


17-11-2017, 20:36. Разместил: admin44


Masallıda Əməkdar rəssam Əşrəf Heybətovun yaradıcılıq görüşü

Noyabrın 16-da Azərbaycan Respublikasının “Tərəqqi” medallı Əməkdar rəssamı Əşrəf Heybətovun Masallıda rayonunda – Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə yaradıcılıq görüşü keçirilib.
Tədbir öncəsi Mərkəzin foyesində təşkil olunan ekspress-sərgidə dünya şöhrətli rəssamın 42 rəsm əsəri, eləcə də onun yaradıcılığını əhatə edən qəzet materialları, keçirilmiş sərgilərin afişaları nümayiş olunub. Əsasən yağlı boya və qrafika üslubunda işlənən sənət nümunələrindən “Ulu torpaq”, “Salam Azərbaycan”, “Muğam”, “Qədim Bakı”, “İçərişəhər”, “Bayram gecəsi”, “Şərqin əfsanəsi”, “Şərqlə Qərb arasında”, “Xocalı”, “20 Yanvar” və s. rəsm əsərləri sərgi iştirakçılarında böyük maraq yaradıb. 
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri Əşrəf Heybətovu Masallıda görməkdən məmnun olduğunu bildirib, rəssamın ömür və həyat yolundan danışıb, ona yaradıcılıq uğurları arzulayıb.
Diqqətə çatdırılıb ki, Əşrəf Heybətov1951-ci ildə Bakıda – Qala kəndində anadan olub.1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirib.
Göstərilib ki, Əşrəf Heybətov Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi, Rəssamlar İttifaqının və Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. Beynəlxalq “Sülh səfiri”, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Görkəmli rəssam “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA (“Platforma, Dialoq, Avrasiya”) təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Rayon rəhbəri vurğulayıb ki, hazırda Almaniyada yaşasa da onun işlərinin əsas mövzusu Vətən və doğma xalqıdır.
20 illik ailəvi dostluq münasibətlərindən danışan Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bir çox mükafatlara layiq görülən əməkdar rəssam nəinki Azərbaycanda, bir çox ölkələrdə sevilir, əsərləri xarici ölkələrin şəxsi kolleksiya və qalareyalarında saxlanılır.
Əşrəf Heybətovu fəal vətəndaş mövqeli rəssam kimi dəyərləndirən millət vəkili dünyada baş verən ictimai-siyasi hadisələrin tanınmış rəssamın yaradıcılığına da sirayət etdiyini vurğulayıb. Deputat qeyd edib ki, 60 illik yubileyində ölkə başçısı İlham Əliyev tərəfindən ona hədiyyə edilən ev həm də onun mənzil-muzeyidir. Elmira xanım görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Əməkdar rəssamın yaradıcılığına verdiyi yüksək qiyməti nəzərə çatdırıb: “Əşrəfin əsərlərində Şərqin qədim ənənələri və Qərbin müasir plastikası üzvi şəkildə birləşir. Bu da seyrçini düşünməyə vadar edir”.
Əməkdar rəssam Əşrəf Heybətov bildirib ki, ildə bir-iki dəfə Azərbaycana gəlirəm və hər dəfə gəzməyə, sərgi keçirməyə bir rayonu seçirəm. Bu dəfə Masallını seçməkdə yanılmamışam.
15 il Moskvada yaşamışam, uzun müddətdir Berlində oluram. Həyatımda Tahir Salahov və Çingiz Aytmatov kimi təvazökar və səmimi insanlara rast gəldiyimə görə Allahıma şükürlər edirəm. Vatikanda Roma Papasının, Almaniyada kansler Angela Merkelin və digərlərinin portretini işləmişəm. Amma mənim üçün ən böyük fəxr ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın portretidir.
Çıxışının sonunda rəssam müəllifi olduğu tablonu  Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova hədiyyə edib.
“Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədov Əməkdar rəssam haqqında ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar. Rəssam E.Məmmədov öz əl işini – dünya şöhrətli rəssam Əşrəf Heybətovun portretini ona təqdim edib.
Rayon rəhbəri qonağı RİHB-nın Fəxri fərmanı ilə təltif edib, ona milli hədiyyələr verib.
Görüş iştirakçıları rəssam haqqında çəkilmiş “Evə gedən yol” adlı sənədli filmə baxıblar.
Görkəmli rəssam gəncləri maraqlandıran sulları cavablandırıb, daha sonra rayon uşaq-incəsənət məktəbində yniyetmə və gənc rəssamlara ustad dərsləri keçib, onlara tövsiyə və məsləhətlərini verib.

Maraqlı görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.  
                                                                                                                                       
                                                                                                                                Akif AĞAYEV.

 
шаблоны для dle 11.2
Вернуться назад