Главная > Aqrar > Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır
Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır14-02-2019, 19:13. Разместил: yeni321 |
Masallıda “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışı Məqsəd aqrobiznesdə qadın sahibkarların sayını artırmaqdır Bu gün, fevralın 14-də Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley və başçılıq etdiyi nümayəndə heyəti Masallı rayonunun Çaxırlı kəndində Qadın İnkişaf Qrupunun üzvləri ilə görüşüblər. Görüş çərçivəsində bu kənddə fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışında iştirak ediblər. Açılış mərasimində Masallı RİHB-nin müavini Aybəniz Qafarova, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley, Respublika Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, Qadın qrupları üzrə menecer Gülbəniz Qənbərova, Beynəlxalq Maliyyə Korporosiyasının ölkə direktoru Aliyə Əzimova, “Cənub” Qadın İnkişaf Qrupunun rəhbəri Səadət Rufullayeva, gənc AMAL-çı Ehtiram Həmidov, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində məşğul əhalinin 55,8 %-ni qadınlar təşkil edir. Lakin aqrar biznes sahibi olan qadınların sayı çox azdır. Odur ki, əsas məqsədlərdən biri də aqrar sahədə sahibkar qadınların sayının artmasıdır. Bu gün dövlətimiz tərəfindən bütün istehsal sahələri üzrə qadınların təşəbbüsləri dəstəklənir. 2018-ci ilin martından əsası qoyulan qadın qruplarının sayının indi 14 rayonda 28-ə çatıb və 335 qadını birləşdirib. Bu qruplardakı qadınların fəaliyyəti AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsinin) ideyasının yaranmasında xüsusi rol oynayıb. Qısa müddət ərzində, planlı şəkildə özlərinə 17 biznes qurmuş bu kənd qadınlarının nümunəsindən AMAL layihəsinə qoşulan gənclər faydalanacaq. Qeyd edilib ki, “Cənub” Qadın İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində “Biznesin inkişafı və idarə edilməsi”, “Qadın İnkişaf Qrupları üçün mikro müəssisənin təşkili və idarə edilməsi“ və tibbi mövzularda təlimlər verilib. Hazırda qrup öz biznes müəssisəsini 4 təndir, 1 kürə və şirniyyat bişirmək üçün aldığı avadanlıqlarla genişləndirərək, cənub çörəyi, ləvəngi və cənub zonasına xas olan müxtəlif milli şirniyyatların hazırlanması və satışı ilə məşğuldur. Onların bişirdiyi çörək, ləvəngi və digər şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə və kənd sakinlərinə satılır. “Cənub çörəyi” təndirxanasının rəmzi açılışını bildirən lenti kəsilib, qonaqlar burda çalışanların fəaliyyəti ilə tanış olublar. “Qız yurdu”, “Bahar”, “Sahil”, “Cənub” Qadın İnkişaf Qrupu üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. “Həcər” folklor kollektivinin çıxışı izlənilib. Sonra nümayəndə heyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD-in) dəstəklədiyi Masallı Qadın Resurs Mərkəzinin şəhərin mərkəzində yerləşən “Qadın dünyası” ticarət-xidmət mərkəzində olublar. BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Gülarə Hümbətova qonaqları burda fəaliyyət göstərən moda evi, kosmetika aləmi, gözəllik salonu, fitnes və sağlamlıq mərkəzi adlı bölmələrində çalışan qadınların gündəlik işi barədə ətraflı məlumatlandırıb. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |