Главная > Aqrar > Qış qapını döyənə kimi...
Qış qapını döyənə kimi...20-11-2017, 14:39. Разместил: yeni321 |
Qış qapını döyənə kimi... Yem bol, tövlə isti Camışçılıq heyvandarlıqda ən maraqlı, həm də diqqət və qayğı tələb edən sahədir. Çünki camış yemə və suya çox tələbkardır. Qışda tövləsi isti, yemi bol olsa məhsuldarlığını artırır. Yayda isə sərinlənmək üçün su nohurlarına oturandır. Hər iki halda ehtiyacları həyata keçirilməlidir. Ərazimiz coğrafi şəraitinə görə camışçılıq üçün çox əlverişlidir. Dənizkənarı sahələr, buradakı nohurlar camışın məhsuldarlığına, sağlamlığına yaxşı təsir göstərir. Bu sahələr həm də heyvandarlığın yem bazası üçün geniş imkanlar yaradır. Odur ki, mən deyərdim, camışçılıq çox sərfəlidir. Az vəsaitlə çox gəlir gətirirsən. Camış yemə tələbkardır. Ancaq dənizkənarı sahələrdə onun üçün kifayət qədər yem olduğundan sahibini bu problemdən qurtarır. Ərazimizdə bu sahəyə maraq göstərənlər az deyil. Dediyim kimi az məsrəflə çox qazanırsan. Bir müqayisə aparmaq istəyirəm. İnək il boyu qayğı gətirir. Yemi bol, suyu sərin, tövləsi isti olmalıdır. Xəstəliklərə qarşı həssasdır. Vaxtında peyvəndləri həyata keçirilməlidir. Yerli cinsdən olan inəklər demək olar ki, ziyan gətirir. Ancaq bizim şəraitdə camışçılıq xeyirlidir. İlin çox ayını dənizkənarı sahələrdə otlayır. Südü yağlı olduğundan məhsulları də keyfiyyətli olur. Qatığı, yağı can dərmanıdır. Qayğısı azdır. Balası tez böyüyür, yaxşı çəki verir. Ətlik istiqamətində də faydası çoxdur. Mən ziyalı ailəsində boya-başa çatmışam. Atam müəllim olub. Ancaq o, bizi daim işə, zəhmətə alışdırırdı. Bunun da xeyrini gördük. Ailənin çətin anlarında məhz heyvandarlığı seçməyim əbəs deyil. Bu sahədə səriştəm də vardı. Bir neçə ildə camışların sayını 40 başa çatdırmışam. Hər gün sağılan südü qəbul məntəqəsinə təhvil verirəm. İldə bir neçə heyvan satıram. Bu da ailənin dolanışığını təmin edir. Dövlət fondundan 5, icarəyə 3,5 hektar torpaq götürmüşəm. Ancaq camışçılıq üçün bu, bəs etmir. Odur ki, əlavə torpaq sahəsi əldə etməliyəm. Kənddə yaşamağın mahiyyəti budur: torpaq əkib-becərmək, mal-qara bəsləmək. Zəhmət hər bir ailənin maddi durumunu yaxşılaşdıran meyardır. Bu, kənddə açıq-aydın hiss olunur. Ərazimizdə heyvandarlıqla məşğul olan çoxdur. Eminlidən Kamil İbişov, həmkəndlilərimdən Sudeyf Səttarov, Nurbala Zeynalov və başqaları camışçılıqda yaxşı təcrübə qazandıqları kimi dolanışıqlarını, gün-güzəranlarını da yüksəldirlər. Bu günlər qayğılarımız artıb. Tövlələrin hazırlanmasını, ot tədarükünü başa çatdırmalıyıq. Bolməhsula, yaxşı rifaha nail olmaq üçün qışa hazırlığı tezliklə başa çatdırmalıyıq. Səməd FƏTULLAYEV, Qədirli kəndi. Вернуться назад |