Главная > Dünya Xəbərləri > Tariximizi öyrənək: Torpağın köksündə adlar
Tariximizi öyrənək: Torpağın köksündə adlar25-11-2017, 12:45. Разместил: yeni321 |
Tariximizi öyrənək Torpağın köksündə adlar Ulu babalarımız məskən saldıqları yerlərə və onun yaxınlığındakı coğrafi obyektlərə müxtəlif adlar vermişlər. Bu adlar adi söz deyil, onların arxasında gizli məna dayanır. Mənasız coğrafi ad yoxdur. Toponimlərimiz isə əhalinin məskunlaşması, yaşadığımız ərazinin təbii şəraiti, əhalinin məşğuliyyəti , təbii sərvətlərimiz, torpaq və bitki örtüyü, heyvanlar aləmi, tarixi şəxsiyyətlər haqqında bizə dəyərli məlumat verən qiymətli mənbədir. Onları tədqiq etməklə yaşadığımız ərazidə xalqımızın tarixi keçmişi, məişəti, mədəniyyəti, iqtisadi vəziyyəti, adət və ənənələri barədə məlumat əldə edə bilərik. Burada yaşayan nəsillər, tayfalar, etnik qruplar, unudulmaqda olan tarixi yerlərimiz barədə məlumatlanmaq istəyiriksə onomastik vahidləri, xüsusi adları tədqiq etməliyik. Yazılı abidələrin olduğu dövrdə tarixi keçmişini öyrənmək üçün toponimlərimiz əvəzsiz mənbədir. Hişkədərə, Mişkəmi, Miyankü, Kubin, Nəzəroba kəndlərinin ərazisində yüzlərlə belə mikrotoponim vardır. Bu kəndlərin dağlıq və düzən ərazilərində müxtəlif ölçüdə kurqanlar (təpələr) mövcuddur. İlk (erkən) tunc dövrünün tayfaları və onların həyat tərzini öyrənmək üçün qəbir abidələri xüsusi elmi əhəmiyyət kəsb edir. Tunc dövrü eramızdan əvvəl IV minilliyin ikinci yarısında başlamış və eramızdan əvvəl II minilliyin sonlarınadək davametmişdir. Kurqanlara tunc dövründə daha çox rast gəlinir. Hişkədərə kəndinin ərazisində tunc dövrünə aid Barzətəpə, Axunihi, İskəndərli təpə, Morsəlitəpə, Allahqulu təpə, Qoşatəpə və Gavurtəpə kurqanları vardır. Gavur, qovur, (farsca “gəbr”, əvvəllər ümumiyyətlə atəşpərəstlərə verilən addır). Sonralar müsəlmanlığa yayıldığı ilk dövrlərdə (xüsusilə orta əsrlərdə), bidətçilərə və başqalarına verilən həqarətli ad idi. Mahmudavarda “kafirlər” qəbiristanlığı atəşpərəstliklə bağlıdır. Mil və Muğan düzlərində Sasanilərin (226-651) dövründə çəkilmiş Gövurarxların belə adlandırılması Ərəb işğallarından sonrakı dövrlə bağlıdır. Naxçıvan şəhərindən 35 kilometr şimal-qərbdə, Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində III-X əsrlərə aid şəhər yeri və qəbiristan, Oğuz, Qəbələ və Şəki rayonları ərazisindəki abidələr Gavurqala adlanır. Türkmənistan və Özbəkistan ərazisində Qovurqala adlandırılan abidələr vardır. Hişkədərədə yerləşən Gavurtəpə və Barzətəpə kurqanları tunc dövrünə aiddir. Barzətəpə kurqanı kəndin mərkəzindən 400 metr aralıqda, onun cənubunda yerləşir. Talışca Barzətəpə- hündür təpə deməkdir. Hişkədərə abidələrindən biri “Xudbaxşı yurdu” (Xudbaşi yurdəco) adlanır. Erkən tunc dövrünə aid olan bu yerdə toxa, daş həvəngdəstə, daşdan düzəldilmiş balıq toru, daş balta, toppuz başlıqları eramızdan əvvəl III minilliyə aid edilir. Burada tapılmış eksponatların 5000 il yaşı vardır. Ali Məhəmmədşah qəbiristanlığının orta əsrlərə aid olması faktı ilə razılaşmaq olmaz. Kəndin köhnə qəbiristanlığından tapılmış xəncər, nizə ucluğu, qonşu Mahmudavar kəndində misdən, tuncdan hazırlanmış xəncər dəstəyi bu yerlərin vaxtilə döyüş meydanı olduğunu göstərir. Dəmir tiyəli tunc qılınc, Ön Asiya tipli xəncərlər eramızdan əvvəl IX və ya VIII əsrlərə aid edilir. Bəs nə üçün bu məzarıstan Ali Məhəmmədşah adlanır? “Al” ərəbcə ocaq, nəsil, sülalə, bir nəsildən olan adamlar deməkdir. “Al” kəlməsindən düzələn bir neçə sözləri xatırlayaq: Ali-əba – Məhəmməd peyğəmbərin ocağına mənsub olan beş nəfər (Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn); ali-nəbi – peyğəmbər nəsli; ali Adəm – insan övladı, ali-rəsul – peyğəmbər övladı və s. Məhəmmədşah kəlməsi isə Məhəmməd peyğəmbərə işarədir. Mürəkkəb sözün “şah” sonluğunda Ağa Məhəmməd şah Qacar (1742-1797) anlamını dərk etmək bizcə, yanlışlıq olardı. Çünki İmam Əlinin (598-661) ləqəblərindən də biri Şahi -Mərdandır. Müqəddəs Nəcəfdə dəfn edildiyi üçün ona Şahi-Nəcəf də deyilir. Düzdür, bəzən buranı Əli Məhəmməd şah və ya Əli Məmməd şah nekropolu da adlandırırdılar. Bu halda da yenə müqəddəs məzarlığın adı Ağa Məhəmməd şah Qacardan yan keçir. Əliməhəmməd şah Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddinin (1252-1334) nəslindən olub diyarımızda sufi təriqətçilərinin əsil təbliğatçılarından biri imiş. Mülahizələrimiz buradan da yan keçmir ki, Əliməhəmməd şahın Məhəmməd peyğəmbərin nəslinə mənsubiyyətini nəzərə alan əhali onun adını əbədiləşdirmişdir. Hişkədərədəki Ali Məhəmməd şah qəbiristanlığını yerli əhali “Aliməməşo” adlandırır. Aliməhəmmədşah qəbiristanlığının tarixini ərəblərin Talışa, Muğana hücumu, VII əsr tarixi hadisələri ilə, daha çox Səfəvilər dövrü ilə – XV-XVI əsrin tarixi olayları ilə bağlayanlar da var. Səfəvi şeyxləri də yeddinci imam Museyi Kazımın övladları – Məhəmməd peyğəmbərin, Əlinin, Fatimənin nəslindən olduğu üçün müqəddəs sayılmış, sevilmiş, ölümlərindən sonra isə bu yer əhali tərəfindən müqəddəsləşdirilmişdir. Rəmzi mənada bu yerə “Nilədoy bın” deyirlər. Bu məzarıstanda yaşı 350-400 il olan azat, nil və palıd ağacları vardı. İsqəndəri təpə və Barzətəpədən başlamış İmamzadə ocağının arxasına qədər olan yerlərdə qədim qəbiristanlıqların izləri son vaxtlara qədər aydın bilinirdi. Bu qəbiristanlığın adını Ağa Məhəmməd şah Qacarın adı ilə bağlamaq doğru olmazdı. Şuşanı ala bilməyən Ağa Məhəmməd şah Qacarın qoşunu 1795-ci ilin noyabr ayında Muğana gəlir. Geri qayıdarkən Hişkədərədən keçir. Ac əsgərlər qarətçiliklə məşğul olurlar. İndi də yaddaşlarda hişkədərəli Xanverdi babaya verilən ağır cəza və onun göstərdiyi mətanət xatırlanır. İran sərbazlarının gəldiyini duyan Xanverdi baba özünü ölülüyə vurur. İran sərbazları onun bədəninə damğa qoyurlar. Xanverdi baba bu işgəncəyə dözür. Onun öldüyünü zənn edən Qacar döyüşçüləri çıxıb gedirlər. Bu hadisədən az sonra Xanverdi baba vəfat edir. Bəziləri yanlış olaraq belə hesab edir ki, xəstəlikdən qırılan Qacar əsgərləri kəndimizin qəbiristanlığında dəfn edildiyindən bu qəbiristanlıq Ağa Məhəmməd şah Qacarın adı ilə adlanır. Ağa Məhəmməd şah Qacarın qoşununa qarşı döyüşdə şücaət göstərmiş Səhhət bəy haqqında eldə-obada rəvayətlər vardır. Səhhət bəy, Səhhət qalası haqqında dərc olunmuş məqalələrimin birində az da olsa məlumat vermişəm. Ağa Məmməd şah Qacarın qoşunları 1797-ci ildə Talış diyarını talan etmişdilər. Təbii ki, əhali heç də bu müqəddəs yeri qətl və qarətlə məşğul olmuş Ağa Məhəmməd şah Qacarın adı ilə bağlaya bilməzdi. Tarixdən məlumdur ki, Azərbaycan torpaqlarını birləşdirmək uğrundakı mübarizədə Səfəvilər şiəliyi bayraq etmişdilər. Hələ XIII əsrdə Talış-Səfəvi əlaqələri yaranmışdı. Şeyx Səfiəddinin 1274-cü ildə diyarımızda olması haqqında bir çox tarixçilərin fikirləri ilə razılaşmaq olar. Ərkivan kəndindəki “Şah Səfi” bulağı, Mahmudavarda Baba Seyidağa türbəsi Səfəvilərin bu diyarda olması ilə bağlıdır. Ali Məhəmməd şah nekropolunu bəzən “Əli məşhur” kimi izah edənlər də var. Şiələrin ilk imamı Əlinin (598-661) diyarımızda olması haqqında əlimizdə tarixi mənbə yoxdur. İndi də Rüdəkənarda yerli əhali çay daşı üzərindəki insan ayağının izlərini müqəddəs sayır, onu “Əli lınqə riz” (Əlinin ayaq izləri) adlandırır. Beləliklə, dindar əhali bu naməlum insan ayağının izlərini müqəddəsləşdirmişdir. Hətta etnoqraf Q.Çursin də bu haqda məlumat vermişdir. Bu müqəddəs məkanın tarixi keçmişini ərəblərin hücumları ilə bağlayanlar da vardır. Ərəblər isə Muğana və Talışa 642-ci ildən sonra hücum etmişlər. Ali Məhəmməd şah məzarlığında görkəmli Quranxanlar, axundlar, hacılar, kərbəlayi və məşədilər, habelə Vətən şəhidləri, bir də hamımızın ata ocağından doğma və əziz ulularımız uyuyurlar. Bahadır ABDULLAYEV, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin tarix müəllimi. Вернуться назад |