Главная > Dünya Xəbərləri > Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə- Rusiya və Azərbaycan
Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə- Rusiya və Azərbaycan5-12-2017, 18:52. Разместил: yeni321 |
Narkotiklər təhlükəsinə qarşı vahid cəbhə- Rusiya və Azərbaycan Hər il dünyada 250 milyona yaxın insan narkotik qəbul edir, nəticədə hər il təqribən 450 min insan həyatla vidalaşır. Bununla bərabər, narkodilerlərin illik kriminal gəlirinin məbləği 320 milyard dollardan çoxdur. Cari ildə Əfqanıstanda opiatların (narkotik tiryək alkaloidlərinin) qeyri-leqal şəkildə istehsalının həcmi 87 faiz artıb və tiryək ekvivalentində 9 min tona yaxın olub. Bu, narkotiklər ticarəti tarixində mütləq rekord göstəricidir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə bu dəhşətli rəqəmlər Rusiya Federasiyası Dövlət Dumasında keçirilən “Parlamentarilər narkotiklərə qarşı” mövzusunda beynəlxalq konfransda səslənib. RLDP-nin lideri Vladimir Jirinovskinin fikrincə, bəşəriyyət müharibələr və inqilablar girdabına düşüb, nəticədə savadsızlıq alıb gedir, işsizlik artır, insanlar ümidsizliyə qapılır, narkotiklər istehlakına aludə olur. İstifadəsi qadağan edilmiş maddələrin yayılması həm milyonlarla insanın həyatı üçün, həm də bütöv dövlətlərdə və regionlarda sabitlik üçün təhlükəyə çevrilir. RF XİN başçısı Sergey Lavrov forumdakı çıxışında narkotiklərin qeyri-qanuni dövriyyəsinin transmilli mütəşəkkil cinayətkarlıqla sıx bağlı olduğunu vurğulayaraq, deyib: “Narkomafiyanın terrorizmlə birləşməsi reallıq olub. Terrorizm narkotiklər ticarətindən əldə edilən pullar hesabına öz ölümsaçan potensialını artırır və möhkəmlədir. Bəzən narkotiklərin yayılması hətta dünyada ağalıq uğrunda mübarizə üçün alçaq bir vasitəyə çevrilə bilər: ABŞ və NATO-nun illər boyu Əfqanıstanda iştirakına baxmayaraq, bu ölkə dünyada ən böyük tiryək istehsalçısı və ixracatçısı kimi qalmaqdadır. Amerikalı qanunvericilərdən heç kəsin Moskva konfransına gəlməməsinin səbəbi bu deyilmi?”. Bu baxımdan, narkoticarətə qarşı uğurla mübarizə aparan ölkələrin təcrübəsi xüsusilə əhəmiyyətlidir. Məsələn, İran ilə sərhəddə çox sərt nəzarət sayəsində Azərbaycana güclü təsirə malik narkotik vasitələrin gətirilməsi əhəmiyyətli dərəcədə azalıb. Bu gün Azərbaycanda tərkibində psixotrop maddələr olan preparatlar satışı üçün xüsusi icazə verilmiş apteklərin sayı 10 faizdən azdır. 2016-cı ildə respublikanın hüquq-mühafizə işçiləri min tondan artıq narkotiki qanunsuz dövriyyədən çıxarıb, narkotrafiklə məşğul olan 70 cinayətkar qrupu zərəsizləşdirib, 2573 nəfəri cinayət məsuliyyətinə cəlb edib. Lakin Azərbaycan cəmiyyəti narkomaniyaya qarşı mübarizədə təkcə cəza tədbirlərindən istifadə etmir. Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov “Parlamentarilər narkotiklərə qarşı” konfransında respublika qanunvericiliyində narkotik asılılığından əziyyət çəkən hər kəsin dövlət hesabına müalicə olunmasına şans verən dəyişikliklər barədə danışıb: narkotikləri varlanmaq üçün deyil, şəxsi istehlak üçün almış insan cinayət məsuliyyətinə cəlb edilə bilməz və o, pulsuz müalicəyə göndərilir. Azərbaycan parlamentinin nümayəndəsi vurğulayıb: “Narkomaniya ilk növbədə ciddi sosial problemdir”. Narkotiklərə dair bütün beynəlxalq müqavilələrə qoşulmuş Azərbaycan həm də bu sahədə praktiki əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Noyabr ayında Azərbaycan daxili işlər orqanları respublikanın şimal sərhədi regionunda “Sərhəd” adlı əməliyyat keçiriblər. Bu əməliyyat çərçivəsində həyata keçirilən tədbirlər rusiyalı həmkarlarla birgə əlaqələndirilib. Cəmi bir həftə ərzində iki ölkənin sərhədyanı rayonlarının ərazisində müxtəlif cinayətlər, o cümlədən silahların və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməllər törətməkdə ittiham olunan 15 nəfər həbs edilib. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev əmindir: “Narkotiklər alverinə qarşı mübarizə beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalıdır. Bu halda bir dövlət ümumi problemin həllində digər dövləti dəstəkləyir. Azərbaycan Milli Məclisindən olan həmkarlarımız narkotiklərə qarşı mübarizə sahəsində milli qanunvericilərin unifikasiyası üzrə birgə iş aparmağa, narkomaniyanın yayılmasına, narkotiklər qaçaqmalçılığına, onun yayılması üçün sosial şəbəkələrdən istifadə edilməsinə və narkotik maddələrin internetdə təbliğinə qarşı mübarizədə səyləri birləşdirməyə hazırdırlar. Moskvada keçirilən beynəlxalq konfrans və onun işinin yekunlarına əsasən qəbul edilmiş bəyannamə bu qlobal bəlaya – bəşəriyyətin narkotikləşməsinə qarşı mübarizədə bütün dünya birliyinin qüvvələrini birləşdirmək yolunda mühüm addımdır”. AZƏRTAC. Вернуться назад |