Главная > İdman > Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı18-11-2019, 14:45. Разместил: yeni321 |
![]() Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə SSRİ idman ustası, Əməkdar məşqçi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXV ənənəvi respublika turniri keçirildi. Üç gün (15-17 noyabr) davam edən yarışlardan məqsəd yeniyetmələr arasında güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və onlara vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Masallı güləş məktəbinin yaradıcısı Nadir Ağayevin xatirəsini yad etməkdir. ![]() Mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, MOK-un Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, ”Şöhrət” ordenli Elçin Cəfərov iri miqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin əhəmiyyətindən danışdı. ![]() Nadir Ağayevin yetirməsi, SSRİ idman ustası, Masallı şəhər ərazi nümayəndəsi Kamal Mazanov, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşqur Qasımovun qardaşı Sücayət Qasımov və başqaları cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz və xeyirxah insan barədə xatirələrini söyləyib, hər il bu tədbirin yüksək səviyyəli təşkilinə görə müvafiq idman qurumlarına, rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə minnətdarlıq bildirdilər. ![]() ![]() Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev çıxış edərək rayon rəhbəri Rafil Hüseynovun adından gələn qonaqları salamladı, idmançılara uğurlar arzuladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra Beynəlxalq dərəcəli hakim Zakir Məmmədovun raportu ilə AGF hakimlər kollegiyasının sədri, yarışların baş hakimi Qərib Əliyevə komanda heyətlərinin yarışa tam hazırlığı barədə məlumat verildi. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışlar AGF-nin beynəlxalq dərəcəli hakimlər kollegiyası tərəfindən idarə olunurdu. Turnirdə respublikanın ayrı-ayrı rayon (Gəncə, Göyçay, Zəngilan, Cəlilabad, Beyləqan, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Masallı və s.), Bakı və Sumqayıt şəhər idman cəmiyyəti, güləş klublarından (“Dinamo”İC, “Neftçi” İSM, ROİL, “Məhsul”, “Gənclik”, “Hövsan”, “UGİM”, “Təhsil” və s.) 21 komandanı təmsil edən 250-ə yaxın 2005-2007-ci il təvəllüdlü yeniyetmə pəhləvan qüvvəsini sınayırdı. ![]() ![]() Medal sayına görə Masallı rayon komandası I, Bakı şəhər ( ROİL) II, Sumqayıt şəhər komandası isə III yerə layiq görüldü. ![]() ![]() ![]() ![]() Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |