Главная > İdman > Ərkivanın “Qala-95” komandası mini futbol turnirinin qalibidir
Ərkivanın “Qala-95” komandası mini futbol turnirinin qalibidir23-11-2021, 13:25. Разместил: yeni321 |
Masallıda “Şəhidlər ölməz, Vətən bölünməz” mini futbol turnirinə yekun vurulub Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Azad” futbol klubunun təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinə yekun vuruldu. Noyabrın 22-də, Masallı şəhərindəki “Viləş” mini futbol stadionunda turnirin final mərhələsi möhtəşəm təşkil edilmişdi. Bayram əhval-ruhiyyəli idman tədbirində şəhid valideynləri, qazilər, AFFA-nın, Masallı RİHB-nın məsul işçiləri, media nümayəndələri və digər fəxri qonaqlar iştirak edirdi. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himnimiz səsləndi. Masallı məktəbliləri Yusif Əzizli və İsgəndər Nuriyevin ifasında “Xudayar” təsnifi, “Qarabağ” mahnısı alqışlarlarla qarşılandı. Açılış mərasimindən sonra üçüncü yer uğrunda mübarizə aparacaq komandaların – “Bioloji Təbabət Klinikası” (Masallı) və “Göytəpə” (Cəlilabad) futbol klublarının oyunu izlənildi. Maraqlı qarşılaşma masallıların xeyrinə qurtardı – 7:2. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında isə “Qala-95” “Grand” FK üzərində 4:1 hesablı qələbəyə imza atdı. Yadda qalan qolların müəllifləri Siruz, Murad Cəlalov, Rasim Mikayılov, Tayfur İbayev komandalarını turnirin qalibi etməyə müvəffəq oldular. Grand” FK-nın təsəlliverici qolunu isə Röyal vurdu. Oyunları AFFA-nın hakimləri Xalid Quliyev, Bilal Rüstəmov, Rəşad Aydınov və Babək Quliyev idarə edirdi. Sonra mükafatlandırma mərasimi oldu. Turnirin çempionu “Qala-95” komandası, ikinci yerə layiq görülən “Grand” FK və üçüncü mükafatçı “Bioloji Təbabət Klinikası” futbolçuları müvafiq diplom, medal və pul mükafatları ilə təltif edildilər. Çempion “Qala -95” komandasına kuboku Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin atası Bayram kişi təqdim etdi. Oyunları nümunəvi idarə etdiklərinə görə hakimlərə Fəxri fərmanlar, ən yaxşı oyunçu və ən yaxşı qapıçıya diplon və hədiyyələr, turnirin keçirilməsinə dəstək göstərənlərə təşəkkürnamələr verildi. Məlumat üçün bildirək ki, oktyabrın 11-də start götürən turnirə 12 komanda qatılmışdı. Təşkilat komitəsi ilə yanaşı turnirin keçirilməsinə “Buta” market, “Masallı elektroniks”, “Qrand” kafe, “Viləş” MFS, “Masallı Otel” və rayonun aidiyyatı təşkilatları dəstək göstəriblər. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |