Главная > İdman > Vətənimizin idman şöhrətini zirvələrdə saxlayaq
Vətənimizin idman şöhrətini zirvələrdə saxlayaq19-03-2022, 19:30. Разместил: admin44 |
Azərbaycanda idman sahəsində qazanılan yüksək nəticələrin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin davamlı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu gün idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bu il bir sıra yeni idman mərkəzləri istifadəyə verilib və bu qurğulardan səmərəli istifadə olunur. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə artmaqdadır. Respublika rəhbərinin idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Möhtərəm Prezidentimiz 23 yaşadək güləşçilərin Bolqarıstanda keçirilən VII Avropa çempionatının iştirakçılarını qəbul edərkən səsləndirdiyi tapşırıq və tövsiyələri aidiyyatı təşkilatlar və idman mütəxəssisləri qarşısında yeni vəzifələr qoyur: “Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır...” Hamımız şahidik ki, respublikamızda idmanın inkişafı daha geniş vüsət alır. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Gənc pəhləvanlarımızın Bolqarıstandakı mötəbər yarışda 7-si qızıl olmaqla 16 medal qazanması, yığma komandamızın isə 34 ölkə arasında birinci yerə layiq görülməsi buna bariz nümunədir. Bu hər birimiz üçün qürurverici və sevindiricidir. Odur ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə idmançıların sosial müdafiəsi və digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İdmançılar və bu sahədə çalışanlar dövlət mükafatları, fəxri adlarla təltif edilir. Bu gün ölkəmizdə idman və bədən tərbiyəsi təkcə yeniyetmə və gənclər arasında deyil, eyni zamanda yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində də inkişaf etdirilir. Yüksək dərəcəli idmançıların hazırlanması yönümündə bədən tərbiyəsi-idman təşkilatlarının, uşaq idman müəssisələrinin fəaliyyəti XXI əsrin tələbləri səviyyəsində qurulur. Azərbaycanda idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirilir. Bu məsələyə Respublika Prezidenti cənab İlham Əliyev martın 17-də idmançılarla görüş zamanı bir daha aydınlıq gətirib: “Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın...” 2022-ci il Vətənimizdə "Şuşa ili" elan edib. Artıq Azərbaycan idmanının Qarabağa qayıdışına start verilib. Ağdam şəhərində “İmarət” stadionu yenidən inşası buna bariz nümunədir. Yeni uğurlar, beynəlxalq arenalardakı möhtəşəm qələbələr hələ qabaqdadır. Qarşıda bizi daha məsuliyyətli idman yarışları ilə zəngin il gözləyir. Masallı rayonunda da insanların sağlam həyat tərzi ilə təminatı, hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması, yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda respublikamızı şərəflə təmsil etməsi üçün zəruri şərait var. Mən də gənc idmançı kimi dövlətimə xidmət etməkdən, ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Sabiq CAHANGİROV, Yeni Azərbaycan Partiyasının üzvü, idmançı. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |