Главная > İdman > Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib6-03-2023, 18:13. Разместил: admin44 |
Masallıda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan ölkə rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır...” S.Cahangirov qeyd edib ki, Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı Masallı rayonundan da yan keçməyib. Belə ki, 2022-ci il ərzində təşkil edilən dünya, Avropa, respublika və zona yarışlarında 213 uşaq, yeniyetmə və gənc idmançı Masallı rayonunu təmsil edib. Onlardan 38 nəfəri birinci, 25-i ikinci, 50 idmançı isə üçüncü yerə layiq görülüb. Ötən ilin idman sahəsində daha uğurlu nəticələrlə yadda qaldığını vurğulayan İdarə rəisi idmançılara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə, eləcə də rayon idmançılarının uğurlarına həsr edilmiş videoçarx nümayiş olunub. Respublikanın Əməkdar məşqçiləri Həbib Mehdiyev, Sufəddin Məmmədov, rayon idman ictimaiyyəti nümayəndələrindən Kamal Mazanov, Əlimərdan Abdullayev, Balayar İbayev, Mövsüm Tağıyev, Əbülfəz Nuriyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, “Yeni həyat” qəzetinin və eyniadlı saytın əməkdaşı Akif Ağayev, “Asiya.az” saytının redaktoru Cəfər Cəfərov, “Masallı xəbərləri” xəbər portalının rəhbəri Rauf Cəbiyev və başqaları qeyd ediblər ki, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. Natiqlər idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, Azərbaycan, eləcə də Masallı idmançılarının uğurları və qarşıda duran məqsədlər barədə danışıblar. Tədbirdə bir qrup idman ictimaiyyəti nümayəndəsi, ötən ilki yarışlarda uğur qazanmış idmançı və məşqçi-müəllimləri gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Akif Ağayev “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |