Главная > İqtisadiyyat / Aqrar > Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır
Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır28-02-2019, 15:33. Разместил: yeni321 |
Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır Ölkə ərazisində yeni su layihələrinin icrası intensiv şəkildə davam etdirilir. Regionlarda bir sıra irimiqyaslı su layihələri uğurla tamamlanır. Kənd təsərrüfatı məhsulları istehsalının inkişafı naminə bir sıra iri su təsərrüfatı obyektləri tikilir, torpaqların su təminatı yaxşılaşdırılır, yaşayış məntəqələri içməli su ilə təmin edilir. Bu, Azərbaycanda sosial siyasətin mühüm istiqamətlərindəndir. Ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq, son illər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına regionlarda əhalinin içməli suya olan tələbatının ödənilməsi, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etməkdədir. Yaşayış məntəqələrində yüzlərlə yeni artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilir. Bunun bariz nümunəsi olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən cari ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək. O cümlədən, Masallı rayonunun 7 yaşayış məntəqəsində – Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində subartezian quyularının qazılması nəzərdə tutulub. Bir neçə ildir ki, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. “Azərsu” ASC 3 nömrəli Regional Su-Kanal İdarəsinin Masallı Su-Kanal Sahəsinin rəisi Akif Həmidovun verdiyi məlumata görə bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində sutəmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. İçməli suyun keyfiyyətini və dayanıqlığını təmin etmək məqsədilə gün ərzində 24 min kubmetr su təmizləmək gücündə olan bu qurğu sayəsində Viləşçay dəryaçasından götürülən su xüsusi laboratoriyada analiz edilib təmizləndikdən sonra əhaliyə verilir. 500 milliqram litrə qədər bulanıqlığı olan suyu təmizləyən bu qurğu dünya standartlarına tam uyğun olaraq, içməli suyu istənilən variantda təmizləyə bilir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9145 su sayğacı quraşdırılıb. Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərində 20 kilometr məsafədə su xətləri çəkilib və layihəyə uyğun bulaqlar quraşdırılıb. Növbəti mərhələdə Muğan zonasının digər kəndlərində də işlərə başlanılacaq. Bu il 13 kəndə suyun verilməsi nəzərdə tutulur. Rayonun müxtəlif ərazilərində 24 subartezian quyusu qazılıb istifadəyə verilib. Bundan əlavə Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyilə Sığdaş, Xəlfələr, Abasbəyli kəndlərində su xətləri çəkilib, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində ümumilikdə 17500 metr suvarma kanallarında təmizlik işləri aparılıb. Yaxın illərdə 500 hektara çatdırılacaq çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılıb. 70-dən çox sututarın mövcud olduğu məlum olub. Masallıda 3 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair ölkə rəhbərinin imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb. Bu sututarlar istifadəyə verildikdən sonra 8 milyon kubmetr əlavə su ehtiyatı yaranacaq. Rayonda mövcud 24964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 2 milyon kubmetr su tutumlu Babaser su anbarı vasitəsilə aparılır. Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevdən aldığımız məlumata görə, hazırda idarənin balansında əlavə olaraq 2 kiçik su tutarı, uzunluğu 498 kilometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğu, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur. Respublika Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ölkədə çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Masallı rayonunda da çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi nəzərdə tutulub. Bu məqsədlə hazırlanan yeni layihədə - Viləşçay su anbarının ikinci növbəsinin tikintisilə su hövzəsinin həcmi 120 milyon kubmetrə çatdırılacaq. Bəndin hündürlüyünün daha 16 metr artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20100 hektar əkin sahələri suvarma suyu ilə təmin ediləcək. Layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40 kilometr uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaq. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq. Bu gün Masallıda su ilə təchizat məsələləri uğurla həllini tapır. Buna rəğmən qarşıda yeni layihələrin icrası dayanır. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |