Главная > İqtisadiyyat / Aqrar > Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib4-08-2020, 14:22. Разместил: yeni321 |
Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib Masallı rayonunda fermerlər son illər bostan bitkilərinin inkişafına da böyük maraq göstərirlər. Cari ildə rayonda 61,3 hektar sahədə qarpız, 270,9 hektarda yemiş, 49 hektar sahədə balqabaq əkilib. Xırmandalı, Çaxırlı, Səmidxan, Həsənli, Qızılağac, Mahmudavar, Sərçuvar, Təklə və başqa kəndlərdə əkin sahələri genişləndirilib. Muğanda yemiş yetişdirməkdə ad çıxaran Xırmandalı kəndində camaat bu il 181 hektar sahədə dadlı və ləzzətli yemiş yetişdirməyə nail olublar. Təcrübəli sahibkarlar bol məhsul yetişdirmək üçün bitkilərə aqrotexniki qaydada xidmət göstəriblər. Onlar əkin başlanandan ta indiyə kimi olan müddətdə bitkilərin dibini vaxtlı — vaxtında yumşaltmış, bir neçə dəfə becərməsini aparmış, gübrəsini vermiş, bol su ilə təmin etmişlər. Məhsul toplanışına vaxtında başlayan Masallı əkinçiləri indiyədək sahələrdən 2000 tona yaxın yemiş və qarpız məhsulları tədarük ediblər. Mütəxəssislər ötən illə müqayisədə cari ildə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər. Masallıda bostan məhsulları yığımının qızğın çağıdır. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 70-75 faizinin məhsulunu yığıblar. Hazırda Masallı rayonunda bostan bitkilərinin yığımı davam etdirilir. Yığılan məhsul əsasən yerli bazarlara və respublikamızın iri şəhərlərinin bazarlarına göndərilir. *** Masallı rayonunda bu mövsüm 542 hektar sahədə pomidor, 315 hektar sahədə isə xiyar yetişdirilib. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün tarlalarda bol məhsul əldə edilib. 2020-ci ilin iyul ayına kimi tərəvəzbecərənlər 10520,3 ton pomidor, 9170 tondan çox isə xiyar tədarük ediblər. Hazır məhsullar Bakı, Sumqayıt və qonşu rayonlara göndərilib. Hələ tərəvəz sahələrdə məhsul çoxdur. Kənd təsərrüfatı mütəxəssislərin hesablamalarına görə bundan sonra da sahələrdən xeyli pomidor və xiyar məhsulu toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayon ərazisində tərəvəz yığımı davam etdirilir.Bu işdə Qızılağac,Səmidxan, Mahmudavar, Şərəfə, Viləş, Çaxırlı, Göyəçöl, Xıl, Xırmandalı, Təklə, Türkoba kəndinin tərəvəzbecərənləri birinciliyi əldən vermək istəmirlər. *** Bu ilin məhsulu üçün Masallı rayonu üzrə ümumulikdə 1747 hektarda tərəvəz əkin aparılıb. Bunun da 522,3 hektarı badımcan, 17,5 hektarı kələm, 95,7 hektarı isə bibər əkini sahəsidir. Belə ki, bu növ tərəvəz əkin sahələri üzrə ən öncül ərazilərdən olan – Xırmandalıda 210, Öncəqalada 54, Səmidxanda 42, Həsənlidə 38, Yeddioymaqda 20 hektarda badımcan, Səmidxanda 4,5 , Banbaşıda və Təklədə hərəsi 3 hektar kələm, Təklədə 12, Xılda 10, Qızılağac və Öncəqalada 7, Səmidxanda 6, Həsənlidə 5, Ərkivan və Mahmudavarda isə 4 hektarda bibər əkilib. Hazırda rayon ərazisində tərəvəz bitkilərinin yığımına başlanılıb. Bu günədək sahələrdən 501 ton kələm, 13375 ton badımcan yığılıb. Tərəvəz bitkilərinin yığımı davam edir. *** Masallı rayonunda cari ilin mövsümü üçün 92,5 hektar sahədə sarımsaq bitkisi əkilib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər. Ötən ay fermerlər sarımsaq sahələrindən 1457 ton məhsul götürüblər. Məhsul yığımına vaxtında başlayan Xırmandalı, Təklə, Qızılağac, Mahmudavar və Bədəlan kəndlərinin torpaq mülkiyyətçiləri bu bitkinin əkini ilə daha çox məşğul olur və hər il də yaxşı mənfəət götürürlər. Torpaq sahiblərinin dediyinə görə, istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxarırlar. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |