Главная > İqtisadiyyat > Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır
Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır9-12-2017, 20:26. Разместил: yeni321 |
Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlər, ümumilikdə, Azərbaycanın inkişaf dinamikasını əks etdirir. AZƏRTAC-ın bölgə müxbiri Bağır Əliyev xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi növbəti regional müzakirədə səsləndirilib. Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonlarını təmsil edən 200-dən çox sahibkar, bələdiyyələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müzakirələrdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Lənkəran iqtisadi rayonu çay, çəltik, sitrus meyvələri və baramaçılığın, eləcə də digər ixracyönümlü əkin və təsərrüfat sahələrinin inkişaf etdirilməsi baxımdan Azərbaycanda öndə olan rayonlardandır. Bu sahələr iqtisadi cəhətdən çox əhəmiyyətli və gəlirli olduğu üçün dövlət tərəfindən onların inkişaf etdirilməsinə xüsusi qayğı ilə yanaşılır. Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Elxan Mikayılov çıxış edərək bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib. Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb. Regionların bu şəraitdən yetərli səviyyədə bəhərlənməsi zəruridir. Qeyd olunub ki, davamlı şəkildə bir neçə istiqamət üzrə aparılan islahatlar nəticəsində infrastruktur layihələri sürətlə icra edilir. Dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub. Bundan başqa, kənd təsərrüfatı layihələrinin icrası, müasir texnologiyaların tətbiq olunması bölgələrin iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərir. Sonra çıxış edən Milli Məclisin komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Məşğulluğun təmin olunmasının vacibliyinə toxunan H.Rəcəbli işaxtaran və aztəminatlı ailələrin özünüməşğulluq proqramında fəal iştirak etdiklərini diqqətə çatdırıb. Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının meneceri Zaur Qardaşov portalın fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də “Bir pəncərə” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat verib. İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Tədbirdə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Ədalət Fərəcov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib. Qeyd edək ki, regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi və dövlət-özəl sektor dialoqunun güclənməsinə töhfə vermək məqsədi daşıyır. Bu cür regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir. İndiyə qədər Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt və Şirvanda regional müzakirə keçirilib. Вернуться назад |