Главная > İqtisadiyyat > Quşçuluq təsərrüfatları genişləndirilir
Quşçuluq təsərrüfatları genişləndirilir23-03-2022, 18:59. Разместил: admin44 |
Son illər bölgələrdə quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv inkişaf etdirilir. Belə nümunəvi təsərrüfatlardan biri də Masallı rayonunun Şatıroba kəndində fəaliyyət göstərir. Şatıroba kəndində yaşayan təsərrüfat sahibi Ceyhun Nəzərovun fermasında 18 min baş quş saxlanılır. Fermanın tutumu isə 50 min başdır. Müəyyən yaşa çatandan sonra quşların diri halda satışı həyata keçirilir. Təsərrüfat 5 il öncə yaransa da, rayonun quş əti ilə təminatında mühüm əhəmiyyət daşıyır. Hazırda burada ayda 32 tondan çox ətlik quş istehsalı həyata keçirilir. Buna baxmayaraq, son bir neçə ayda quş yemlərinin qiymətinin qalxması təsərrüfatçı üçün bir sıra çətinliklər yaradır. Təsərrüfat sahibi Ceyhun Nəzərov deyib: “Yemin qiymətində yanvar ayından artım müşahidə olundu. Bu, bizim işimizdə də müəyyən çətinliklər yaradır. Buna baxmayaraq çalışırıq ki, ölkəmizin quş əti ilə təminatında çətinlik yaranmasın. Bilirsiniz ki, mal ətindən çox, quş əti istifadə olunur. Yemin qiymətinin aşağı olması bizim daha çox qazanc əldə etməyimizə gətirib çıxaracaq. Fermalarımızda daha çox toyuq saxlamaq imkanımız olacaq. Qiymətlər bahalaşanda isə gəlir götürməyimiz riskli olur”. Onun sahibinin sözlərinə görə, quşların bəslənməsində heç bir geni dəyişdirilmiş qidalardan istifadə olunmur. Quşlar tam orqanik şəraitdə yetişdirilir. Ceyhun Nəzərov gələcəkdə Masallı rayonunda müasir quş əti emalı müəssisəsi də yaratmaq istəyir. “Yemlər geni dəyişilməmiş yemlərdir. Yəni, insan orqanizminə heç bir mənfi təsiri olmayan yemlər alırıq. Cənub bölgəsində müasir tipli quş əti emalı müəssisəsi açmaq fikrimiz var. Gün ərzində 3000-4000 baş quş istehsal etmək istəyirik”, - deyə o əlavə edib. Masallı rayonunda iri və şəxsi quş təsərrüfatları ilə birlikdə ümumi olaraq 957 min baş quş saxlanılır. Bunlardan 150 mini rəsmi qeydiyyatdan keçən iki böyük quşçuluq müəssisəsində bəslənilir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, gələcəkdə quşçuluq müəssisələrinin inkişaf etdirilməsi üçün bir sıra planlar nəzərdən tutulur. Mərkəzin baş məsləhətçisi Hasil Hüseynov: “Yaxın gələcəkdə bu sahənin daha da inkişafı üçün əlavə dəstək tədbirləri nəzərdən keçirilir. Məlumdur ki, quş yemləri bahalaşıb. Bahalaşma təkcə quşçuluqda deyil, bir çox sahələrdə, həmçinin maldarlıq sahəsində də özünü büruzə verir. Bu da nəticədə ətin, yumurtanın bahalaşmasına gətirib çıxarır. Gələcəkdə Masallıda kiçik yem sexlərinin yaradılması planlaşdırılıb ki, yemlər rayonun özündə istehsal olsun. Fermerlər baha yox, ucuz qiymətə yem ala bilsinlər”. Qeyd edək ki, görülən bu işlərdə əsas məqsəd regionlarda quşçuluğun inkişaf etdirilməsi, yerli toyuq və yumurtaya artan tələbatın ödənilməsidir. Quşçuluq təsərrüfatlarının saxlanılmasında yaranan çətinlikləri aradan qaldırmaq üçün xırda quşçuluq təsərrüfatlarının kooperativlər halında birləşdirilməsi də diqqətdə saxlanılır. İsmayıl Cəfərli, Azərtac. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |