Главная > İqtisadiyyat > Cənub regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkarlanıb
Cənub regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkarlanıb4-12-2022, 18:46. Разместил: admin44 |
Əmlak Məsələləri Dövlət Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 2-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Xidmətdən bildirilib ki, müşavirədə Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Xidmətin rəis müavini Elçin Yusubov vurğulayıb ki, dövlətimizin başçısı tərəfindən təsdiq olunan inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə çatmaq üçün ölkənin mühüm təbii, iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir. Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi, onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, 2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələrinin təyinatı üzrə istifadə olunmadığını, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələblərinin pozulduğunu göstərib. Aparılmış monitorinqlər nəticəsində 2020-2022-ci illər ərzində cənub regionunda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına bildirilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, torpaq istifadəçiliyinin nizama salınması ilə bağlı Xidmətlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət qurumları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulması günün tələbidir. Həmçinin torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir. Sonda müşavirədə qeyd edilənlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |