Главная > İqtisadiyyat > Mahmudavarda yaşıl çay yarpağı yığılır
Mahmudavarda yaşıl çay yarpağı yığılır22-05-2023, 08:21. Разместил: admin44 |
20 may Mahmudavarın əmək həyatında yadda qalan tarix kimi xatırlanacaq. 30-32 il əvvəl Masallı rayonunda olduğu kimi bu kənddə də çay tarlaları qırılıb yandırıldı, məhv edildi. Rayonda 3550 hektar, Mahmudavarda 300 hektardan çox yaşıl çay tarlaları islahat adı altında onu əkib-becərənlərin özünə məhv etdirdilər. Hələ üstəlik xalqın bu qiymətli sərvətinə " Vecsiz bitki" damğasını vurdular ki , qoy adamlar yaşıl çay tarlaları ilə tez vidalaşsınlar. 2016-cı ildə ölkə prezidentinin çəltikçilik, çayçılıq və sitrusçuluğun inkişafı ilə əlaqədar Lənkəranda keçirilən müşabirədən sonra bəzi fermerlər bu qiymətli bitkinin yetişdirilməsinə diqqəti artırdılar. Prezidentin tövsiyə və göstərişlərindən sonra Mahmudavarda " Baba bulağı" MMC-nin kollektivi bu sahədə irəliyə addımlar atdı. Beş hektar sahədə çay tarlası salmaq qərarı alındı. MMC-nin rəhbəri Əfqan Babayev Lənkərandan gətirdiyi dibçəkdə yetişdirilmiş ikiillik çay şitillərini hazırladığı 2,5 hektar sahəyə köçürməyi reallaşdırdı. Bu gün isə həmin sahədə nübar məhsul yığılır. Qız-gəlinlərin məhsul yığdıqları sahəyə ayaq qoyan kimi xəyal məni o illərə apardı. Yaşıl kollar arasında məhsul yığanlar rəngbərəng kəpənəkləri xatırladırdı. Ətraf füsunkar bir aləmə dönmüşdü . Yenə əllərindəki zənbillər dolub-boşalırdı. Bəziləri sovetlər dönəmində bu sahədə çalışıb. Könül Əhmədova və Səbiyə Cabbarova bunu sevinclə xatırlayırlar. Gülxar, Sahibə isə ən gənc çaybecərənlərdir.MMC-nin rəhbəri Əfqan Babayev plantasiyalara qayğı göstərən Fuadın, Asəfin, Ağaddinin adlarını çəkir. Məhsul düşərgəyə gətirilir. İlk gün çay ustaları 200 kiloqramdan çox "Yaşıl qızıl " yığımağa nail olublar. Bərəkətli olsun. Şübhə yoxdur ki, illər ötdükcə plantasiyaların məhsuldarlığı da yüksələcək. Növbəti ildə daha 2,5 hektar sahədən yaşıl çay yarpağı yığılacaq . MMC-nin rəhbəri məlumat verib deyir ki, çayçılıqda 15 nəfər çalışır. Kollektivin başqa sahələrindən də işləyənlər var. Həsənağa Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin üzvü "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |