Главная > İqtisadiyyat > "Masallı nemətləri" uğurlarını artırır
"Masallı nemətləri" uğurlarını artırır31-03-2018, 18:12. Разместил: yeni321 |
"Masallı nemətləri" uğurlarını artırır Gözəl və yaraşıqlı, müasir Masallı şəhərinin Zərifə Əliyeva küçəsində daha bir emal müəssisəsi rayonun iqtisadi həyatında önəmli rolu ilə diqqəti cəlb edir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi n aqrar sektorun inkişafı ilə əlaqədar qərar və sərəncamlarının, respublikada keçirilən müşavirələrdəki nitqində qarşıya qoyduğu vəzifələrin Masallı timsalında həyata keçirilməsi istiqamətində görülən tədbirlərdəndir. “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsi rayon rəhbərinin təşəbbüsü ilə yaradılıb. Bu, xüsusilə çəltikçiliyin inkişafına, bu sahənin genişləndirilməsinə hədəflənmiş obyektdir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ki nitqində ölkə rəhbəri demişdir: “Çəltikçiliyin inkişafı üçün də güzəştli kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır”. Bu istiqamətdə vəzifələrin həyata keçirilməsi üçün Masallıda da imkanlar, resurslar, ehtiyatlar axtarılır. Bunlardan biri də yeni düyü emalı müəssisəsinin yaradılmasıdır ki, təsərrüfatlarda yetişdirilən çəltik keyfiyyətlə emal olunsun, yaxşı qablaşdırılsın, bir sözlə, ixraca, beynəlxalq standartlara cavab verə biləcək səviyyədə olsun. “Masallı nemətləri” MMC-nin nəzdindəki çəltik emalı müəssisəsinin direktoru Elxan Qənbərov çəltikçiliklə məşğul olduqlarını bildirib, yetişdirdikləri, eləcə də rayonun digər təsərrüfatlarında becərilən çəltiyin emal edilməsi ilə bağlı obyektin fəaliyyətinə aydınlıq gətirib dedi: -Rayonun Xıl, Şərəfə, Xallıcallı kəndlərində 32 hektar sahədə “Haşimi”, “Apola” və “Okean” növlü çəltik əkmişdik. 114 ton məhsul götürmüşük. Ondan 38 tonunu toxum üçün ayırmışıq ki, yeni mövsümdə təsərrüfatların ehtiyacını təmin edək. Qalan çəltik emal edilmiş, “Masallı düyüsü” adı altında satış obyektlərinə , mağazalara göndərilmişdir. Əla keyfiyyətinə görə “Masallı düyüsü” tez alınır, rəqabətə davamlıdır, necə deyərlər, müştərisi başının üstündədir. Bu keyfiyyətə çatınca çəltik dəfələrlə texniki prosesdən keçib, bunkerdən-bunkerə, aqreqatdan-aqreqata ötürülür, təmizlənir, qabıqdan çıxarılır, cilalanır, yuyulur. Gözlərimiz qarşısında bu texniki prosesləri ehtiva edən mükəmməl qurğu dayanır. Bu, əslində bütöv bir emal müəssisəsi, zavoddur. Prosesin mənbəyi anbardan götürülür. Burada lazımı qədər qurudulmuş çəltik toplanıb. Məhsul aqreqatın bunkerinə tökülür. Elevator hərəkətə gəlir. İkinci aqreqat çəltiyin qabığını, tozunu, torpağını, xırda daşlarını, bir sözlə, tərkibindəki bütün təsadüfi qatqıları ayırır. Sonra elevator məhsulu barabanlara ötürür. Toxunub ayrılan çevrələr kimi fırlanan barabanlar qabığı düyüdən ayırıb ələyə verir. Ələk məhsulu təmizləyir, qabığı soyulmamış çəltik yenidən elevatora qaytarılıb, təkrar emala verilir. Almaz adlanan hissədəki dörd xəlbirin hər biri əl daşına bənzəyir. Düyü ağardılıb şəffaf forma alır. Beşinci aqreqatda standart düyü xırdadan ayrılır. Növbəti aqreqat məhsulu yuyur, digəri cilalayır. Təmizlənmiş düyü 500 kiloqramlıq bunkerdə toplanır. Sonra işçilər kompüterin düyməsini basmaqla hazır düyünü tələbata uyğun olaraq 900 qramlıq, 3,5, 10 kiloqramlıq torbalarda qablaşdırırlar. Aqreqata bərkidilmiş ütü paketləri bağlayır, avtomatik tikiş maşını torbaların ağzını tikir. M üəssisənin direktoru prosesin bitdiyini bildirib əlavə edir ki, belə keyfiyyətli məhsul tez alınır. Gələcəkdə məhsulumuzu xaricə ixrac edəcəyik. Mən Lənkəran müşavirəsində iştirak etmişəm. Cənab Prezidentin tövsiyələrindən biri də çeşidləmə səviyyəsinin yüksək olmasıdır. Ölkə rəhbəri tapşırdı ki, paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bütün işlərimizi bu istiqamətdə qurduğumuzdan məhsulumuzun onun keyfiyyətinə zəmanətimiz də, qablaşdırma mədəniyyətinə inamımız da var. Direktor bildirdi ki, zavod Çin Xalq Respublikasından gətirilmiş, həmin ölkədən dəvət olunmuş mütəxəssislər tərəfindən qurulmuşdur. Müəssisənin geniş anbarında saxlanan toxum kisələrinin üstündə çəltiyin növü, hansı təsərrüfatlarda yetişdirildiyi və digər məlumatlar yazılmışdır ki, bu da gələcəkdə toxum alanlar üçün xeyli bilgi əldə edilməsinə imkan verəcəkdir. *** Müəssisənin geniş həyətində çəltikçilikdə, eləcə də tərəvəz, sitrus əkinlərində, noxud və digər paxlalı bitkilərin səpin və becərilməsində istifadə ediləcək qiymətli, müasir texnika saxlanılır. Mütəxəssis Əkrəm Teymurov bu barədə geniş məlumat verib onların iş prosesi barədə aydın təsəvvür yaratdı. Bildirdi ki, təzə texnika Türkiyədən gətirilib. Beynəlxalq aləmdə əkinçiliyin ən müasir səviyyəsinə hədəflənib. Hidravlik hamarlayıcı ilə təsərrüfatçı istənilən tarlanın əl içi kimi görünməsinə nail olur. Aqreqatı ona bərkidilmiş təkərlərin köməyi ilə bir yerdən başqa yerə aparmaq, sahədən -sahəyə keçirmək olar. Müasir çalaqazan da diqqəti cəlb edir. Kənd təsərrüfatı işlərində ona tələbat çoxdur. Xüsusilə bağçılıqda, ağacların lazım gələndə bir yerdən çıxarılıb yenidən əkilməsi bu aqreqatın köməyilə asanlıqla yerinə yetirilir. Sitrusçuluğun inkişafında daha çox fayda verə bilər. Yeni tipli arxqazan əvvəllər işlətdiyimiz texnikadan bir çox üstünlüklərə malikdir. Sahədə asan hərəkət edir, faydalı iş əmsalı yüksəkdir. “Karataş” malalayıcının üstünlüyü isə daha çoxdur. Kompüterlə idarə olunan qurğuya yaddaşı insan verir. Müəyyən rəqəmləri yığandan sonra hündür yer hamarlanır, çökək hissə torpaqla doldurulur. 400 metr sahədə görülən torpaq işini nəzarətdə saxlayır. Maraqlı texnikalardan biri də “Özkürt”dür. Aqreqat eyni zamanda 4 funksiyanı yerinə yetirir. Şırım açır, torpağı əzir, gübrə verir, üfiqi mala cəkir. Bundan əlavə alağı götürür, bitkinin dibini doldurur. Çəltik və noxud sahələri şumlandıqdan sonra torpağı əzib doğramaq üçün ən müasir, son model texnika kimi “Viper” gözdobun böyük üstünlüyü var. Bu texnika əvvəlki kuzinin təkmilləşdirilmiş forması kimi işi xeyli keyfiyyətli və operativ müddətdə yerinə yetirir. Özühərəkətedən daraq kəltənli sahələri hamarlayır, dişləri torpağın müəyyən dərinliyinə işləyir. “Rofovat” üfiqi bucaqlıdan ikinci şumdan sonra istifadə edilir. Müasir kübrəsəpənin də əvvəlki texnikadan üstünlüyü çoxdur. Gübrə bunkerə tökülür. Tənzimləyici əkin və torpağın xüsusiyyətlərinə görə avtomatik olaraq gübrənin miqdarını müəyyənləşdirir. Paxlalı bitkilərin cərgəvari əkini üçün nəzərdə tutulan aqreqat da bir sıra üstünlüyü və özəlliyi ilə fərqlənir. Toxumsəpəndəki vakuumla vurulan rıçaqlar toxum üçün yuva açır. “Aqrolizinq”də, İTM-800 təkərli, “Altay” və “T-75” zəncirli traktorları da mövcuddur ki, onlar da köhnə texnikadan fərqli olaraq yüksək faydalı iş əmsalına malikdir. Texnikanı işlətmək üçün kifayət qədər mütəxəssis var. Ehtiyat hissələrini isə “Aqrolizinq”ə müraciət etməklə tapmaq olar. *** Çəltik emalı müəssisəsinin sutkalıq gücü 20-30 tondur. Bunu artırmaq da olar. Müəssisənin tam gücü ilə işləməsi rayonda çəltikçiliyin inkişafı, bu sahənin genişləndirilməsi üçün etibarlı və zəmanətlidir. Rəsul RZAYEV , Həsənağa ƏLİYEV, Vəkil NOVRUZOĞLU (foto). “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |