Главная > İqtisadiyyat > Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır
Ölkə mətbuatında: Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır18-11-2017, 15:12. Разместил: yeni321 |
Ölkə mətbuatında Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır Masallı şəhərinin Seybətin döngəsini keçib magistral şose ilə Lənkəran tərəfə təxminən 2 kilometr getdikdən sonra yolun sol tərəfində yeni binalar görünür. Avqust ayının ortalarına kimi bura bomboş ərazi idi. Ölkə rəhbərinin Masallı Sənaye Məhəlləsinin tikilməsi barədəki göstərişi boş qalmış bu yerə sanki nəfəs verdi. Rayon icra hakimiyyətinin sərəncamı ilə Masallı Sənaye Məhəlləsinin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrıldı. İnşaatçılar vaxt itirmədən işə başladılar - ətrafı təmizlədilər, layihə əsasında ölçmə işləri apardılar. Əraziyə ardı-arası kəsilmədən armatur, mişar daşı, qum, sement və digər tikinti materialları gətirildi. Yerli sakinlər rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək burada işə düzəldilər. Müxtəlif markalı ən müasir texnikalar, ekskavatorlar, buldozerlər, betonqarışdıran və daşıyan maşınlar, ağır tonlu yük avtomobilləri onların köməyinə gəldi. İndi bura yolu düşənlər ərazidə aparılan işləri gördükdə gözlərinə inanmırlar. Axı bu yaxınlara kimi burada heç nə yox idi. Düz deyiblər ki, insan əməyi, insan iradəsi hər şeyə qadirdir. O, hansı sahədə olursa-olsun, xariqələr yarada bilər. Masallı Sənaye Məhəlləsinin sifarişçisi İqtisadiyyat Nazirliyi, podratçı təşkilat isə “M - NAF” MMC-dir. Tikintinin layihə rəhbəri Qurban Burcalıyevdir. O, həm də iş icraçısıdır. Obyekti gəzib işlərin gedişi ilə tanış oluruq. Bir briqada inzibati binanın fasad hissəsində, içəridə üzləmə işləri aparır, başqa biri istehsal sahələrinin girişinə beton tökür, digəri su hovuzları tikir, kanalizasiya xətti çəkirdi. Maşın-mexanizmlər də bir an belə dayanmır. Məhz belə bir əmək coşqusu sayəsində qısa zaman kəsiyində 3 istehsal, 1 inzibati bina, yüksək gərginlikli yarımstansiya, hər biri 100 kubmetrlik 2 nasosxana, 4 sutəmizləyici qurğu, 300 kubmetrlik 2 texniki və suvarma, içməli və yanğın əleyhinə su anbarları, buraxılış-keçid məntəqəsi tikilmiş, asfalt yol, elektrik, daxili kanalizasiya xətləri çəkilmişdir. Görülən hər bir işin keyfiyyəti də diqqətdə saxlanılır. Obyektdə hər gün orta hesabla 150-200 nəfər çalışır. Qaynaqçı Şiraslan Heydərov, betonçu Nurəddin Əliyev, ekskavatorçu Elnur Qəhrəmanov, rəngsaz Rəşad Atakişiyev, üzlükçü Rəhman Qılmanov və başqaları tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər. Burada tibb məntəqəsi də fəaliyyət göstərir. Bundan əlavə, yerli işçilərə hər gün günorta vaxtı, kənardan gələn mütəxəssislərə isə gün ərzində 3 dəfə pulsuz yemək verilir. İşin belə təşkili inşaatçıların səmərəli işləməsinə şərait yaradır. Obyekti gələn ilin birinci rübündə istifadəyə vermək nəzərdə tutulub. Seyran CAVADOV, “Azərbaycan”. Вернуться назад |