Главная > Maraqlı / Dünya Xəbərləri > Çexiyalı alimlər Masallıda
Çexiyalı alimlər Masallıda10-06-2019, 16:51. Разместил: yeni321 |
Çexiyalı alimlər cənub bölgəsinin faunasını araşdırırlar Avropanın ən qədim təhsil ocaqlarından olan Çexiyanın Karlov Universiteti və Bakı Dövlət Universiteti ilə bağlanmış müqavilə əsasında çexiyalı alim və tələbələr növbəti dəfə cənub bölgəsinə səfər edərək tədqiqatlara başlayıblar. Yardımlı, Masallı və Lənkəran rayonlarının ərazisindəki çay və göllərdə yaşayan balıqlar, həmçinin meşə ərazilərində olan zərərvericilər aparılan elmi-tədqiqatlar işlərinin əsas mövzusu olub. Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq 40 ildən çoxdur universitetlər arasında davam edən əməkdaşlıq hər iki ölkə tələbələrinin qarşılıqlı elmi-tədqiqat işləri aparmasına xidmət edir. Qrupun rəhbəri Miroslav Şvatora bildirib ki, Yardımlı və Masallı rayonlarının ərazisindən axan Viləşçayda müxtəlif növ balıqları tutaraq, onlardan nümunələr götürüb laboratoriyalarda analiz edəcəklər: “Biz qrupumuzla birlikdə cənub bölgəsinin müxtəlif rayonlarının ərazisində olan çay və göllərdə yaşayan balıq növləri və digər suda yaşayan canlıları ovlayarıq. Götürülən nümunələr üzərində DNT analizi səviyyəsində elmi-tədqiqat işləri aparılır. Bu yolla ixtiofaunada baş verən dəyişikliklər tədqiqatlar nəticəsində araşdırılır. Daha sonra bu nəticələr həm çexiyalı, həm də azərbaycanlı tələbələrə öyrədilir”. Çexiyalı qonaqlar təhlükəli həşəratları və məməlilər cinsindən olan gəmiriciləri də ovlayaraq, onlardan nümunələr götürüb çalışdıqları universitetdə analiz edəcəklər. Karlov Universitetinin zoologiya kafedrasının professoru Daniel Frintanın sözlərinə görə, Azərbaycanın cənub bölgəsində meşəlik ərazilərin geniş olması burada elmi-tədqiqat işlərinin aparılmasına yaxşı şərait yaradır: “Biz burada, eyni zamanda, təhlükəli həşəratlar, ağcaqanadlar və kiçik məməli heyvanları tutaraq, onların üzərində tədqiqat işlərinin tətbiqi üçün laboratoriyalara aparırıq. Bununla biz bu növlərin populyasiyasını, hansı ərazilərdə daha çox yayılmasını, genetik cəhətlərini öyrənirik. Həmçinin burada yaşayan kiçik fauna növləri ilə Avropada yaşayan növlərin müqayisəsini edirik. Bütün bu tədqiqat işləri Azərbaycan-Çexiya universitetləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”. Daha sonra çexiyalı alim və tələbələr Lənkəranda Hirkan Milli Parkında olublar. Qonaqlara parkın biomüxtəlifliyi barədə məlumat verilib. Burada adı “Qırmızı kitab”a düşmüş nadir heyvan və bitki növləri elm adamlarında böyük maraq oyadıb. Qeyd edək ki, hər il Bakı Dövlət Universitetinin zoologiya kafedrasının müəllim-tələbə heyəti də təcrübə-tədqiqat işləri aparmaq üçün Çexiyanın Karlov Universitetində olurlar. Вернуться назад |