Главная > Maraqlı > Bir şeirin folklor tutumu
Bir şeirin folklor tutumu9-02-2022, 10:01. Разместил: admin44 |
Süleyman Əlisa çoxşaxəli ədəbi fəaliyyəti ilə seçilir, qələmindən tariximizin qaranlıq səhifələrinə işıq düşür, şeirləri minilliklərin söz yaddaşını silkələyir. Onun uşaqlar üçün yazdığı şeirlərdən tutmuş ictimai-siyasi mövzuda olan əsərlərinədək bütün qələm məhsullarında el xəzinəsinə güvəncin şahidi oluruq. Əslində, şairin bütün yaradıcılıq nümunələri bu yönümünə görə ciddi təhlilə möhtacdır. Süleyman Əlisa frazeologiyalardan, atalar sözü və məsəllərdən, deyimlərdən, alt qatında rəvayət və əfsanələr dayanan söyləmələrdən məharətlə faydalanır. Onun semantik şeirləri də folklordan qaynaqlanır, dil, ifadə zənginliyi ilə diqqəti çəkir. Bu şeirlərdə xalq həyatının, el güzəranının və məişətinin təsviri əsas yer tutur. Onun qələminin məhsulu olan poetik nümunələrin bir qismi isə şəkli xüsusiyyətlərini folklordan alır, qoşma, gəraylı, nəğmə üslubunda yazılmış şeirlər axıcılığı və ahəngdarlığı ilə seçilir. Süleyman Əlisanın bütün şeirlərinin dili xalq ifadələrinə, milli koloritə söykənir. Adsız bir şeirini nəzərdən keçirdikdə şairin xalq üslubuna heyrətamiz dərəcədə yüksək qiymət verməsinin şahidi oluruq. Şeir bu misralarla başlayır: Hərdən rəng verib, rəng alırsınız, Haldan-hala düşürsünüz. Ya qıpqırmızı qızarırsınız Ya qapqara olursunuz. İlk anda bu misralarda fikrin adi şəkildə ifadə olunduğunu görürük, bir qədər dərindən düşünəndə şeirdəki deyimlərin arxasında dilin zəngin folklor qatının dayandığının şahidi oluruq. Süleyman Əlisanın adiliyi və qeyri-adiliyi nədədir? "Rəng alıb, rəng vermək" müxtəlif məna tutmlarını ifadə edir. Birbaşa ifadə etdiyi məna əməlinə görə xəcalət çəkməklə bağlıdır. Amma bu deyimin sətiraltı mənası da var: Rəng alıb, rəng verən adamlar həm də simasını, xarakterini, xislətini tez-tez dəyişən kəslərdir. Bu mənanı sonrakı misralar tamamlayır. Haldan-hala düşmək ifadəsi də kontominativdir. Dediklərinin, yaxud elədiklərinin xəcalətini çəkənlər də haldan-hala düşürlər, yəni öz əməllərinin peşmançılığını çəkirlər. Şeirdə isə bu deyimin ikinci mənası əsasdır. İkinci mənaya görə haldan-hala düşən adam sifətinin cizgilərini tez-tez dəyişən kimsədir, ya qıpqırmızı qızarır, ya da qapqara olur. Qırmızı həyasızdır, üzədurandır, qıpqırmızı xarakterdə isə tündlük var. Qaralmaq, qapqara olmaq rəngini-ruhunu dəyişməyin təsvirə gəlməyən şəklidir. El arasında "üzqaralığı" ifadəsi mövcuddur ki, bu da pis əməllə, pis hərəkətlə bağlıdır. Tanımaq olmayır sizləri... Elə bil xoruz quyruğu görməmisiniz? Siz də qəribə məxluqsunuz, ay gözükölgəli adamlar. Hərdən aldanıb şirin vədlərə dil-dil ötürsünüz. Dartmaq istəyirsiniz rəiyyəti o tərəf bu tərəfə. Rəiyyətdə də nə hey qalıb, nə heysiyyat, Ancaq hələ ümid içində yaşayırlar... Şeirin bu hissəsindəki ifadələrin folklor tutumuna diqqət yetirək: Xoruzquyruğu - tünd qırmızılığı ifadə edir, adətən tünd çayı bu cür adlandırırlar. Xoruz quyruğu görmək isə çoxmənalıdır. El arasında gəzən bir lətifədə oğru xoruzu yaxşı gizləyə bilmir, quyruğu göründüyü üçün "cinayətin" üstü açılır. Bu mənada fikrin ifadəsi eldən oğurlananı görməmək anlamına gəlir. Qəribə məxluq isə insanlıqdan aşağı səviyyədə yaradılan, insanlıqdan çıxan, yaxud insani dəyərlərə qiymət verməyən canlıdır. Gözükölgəli adam başqalarının, bəzən isə konkret olaraq bir kimsənin qarşısında üzü olmayan şəxsdir. Keçmiş pis və nalayiq əməli adamın gözünə kölgə tutur ki, bu da üzqaralığının başqa bir şəklidir. Dil-dil ötmək, yaxud bülbül kimi ötmək özünə inamın ifadəsidir, buna xalq arasında "dil boğaza qoymamaq" da deyirlər. Şeirdə "dil-dil ötmək" dayanmadan, nəfəs dərmədən danışmaq anlamındadır. Amma müəllifin təsvirində "şirin vədlərə aldanan" insanlar dil-dil ötməkdə haqlı deyillər. Şeirdə müəllif ittihamını obrazlı ifadələrlə davam etdirir: Nə etsinlər? Əsrləri, yüz illəri yola salıb gəliblər. İndi hər ağzıgöycəyin sözüylə özlərini ağır-yüngül edən deyillər ki... Hərdən dilinizin ucundakı sözü udmalı olursunuz. Bir anda boğazınız quruyur, qaşınız çatılır, gözləriniz böyüyür, əlhəminizi çaşırsınız. Nə illah etsəniz də, dinc durmayır, başınıza bəla açır dilinizin altındakı o söz. Sonra da həkimə, dava-dərmana möhtac qalırsınız... Dilə şirinlik gətirən, şeiri quru söz yığını olmaqdan xilas edən canlı xalq deyimlərinin yerli-yerində işlədilməsidir. Bu kiçik parçadakı mayası xalq danışıq dilindən gələn obrazlı sözlərə diqqət yetirək: Ağzıgöyçəyin sözü; Özünü ağır-yüngül etmək; Dilin ucundakı sözü udmaq; Boğazı qurumaq; Qaşı çatılmaq; Gözləri böyümək; Əlhəmi çaşmaq; İllah etmək; Başına bəla açmaq; Dilin altındakı söz. Şeirdə aforistik ifadələr misradan-misraya təkmilləşir, "gözükölgəli" adamların ittihamı ciddiləşir. Biganəlik, vədlərə inanmaq, haqqı çatmadan dil-dil ötmək fərdin faciəsinə gətirib çıxarır. Təkcə fərdinmi? Deyim zənginliyi fikrin sərrastlığını artırır: Siz də qəribə məxluqsunuz, ay gözükölgəli adamlar. Hər qaranlıq gecənin işıqlı bir gündüzü var. Kipriklərinizin gödəkliyi gözlərinizi çaşdırmasın; Onlardı Günəşdən gələn işığın rənginə rəng qatan, gözünüzü kölgəli edən... Onlardı sizi düz sözə həsrət qoyan... Ay gözükölgəli adamlar, Görəsən daha nə vaxtadək kölgəlikdə daldalanacaqsınız? Görəsən daha nə qədər yarına-yarına yaşayacaqsınız? Belə ütülə-ütülə yaşamaq heç ütülü qalstukunuza da yaraşmır. Günü sabahdan atın yarınmağın daşını, Ütülü sözlərinizi də göndərin getsin arxivə. Amandı bir az ayıq olun, Amandı gözüaçıq olun. İt hürən tərəfə yox, işıq gələn tərəfə yüyürün, işıq gələn tərəfə. Şeirin bu hissəsində olayları və ittihamı müdrik kəlamlar tamamlayır, hər misra bir atalar sözünü xatırladır: "Hər qaranlıq gecənin işıqlı bir gündüzü var", yaxud "Kipriklərin gödəkliyi gözləri çaşdırır (qamaşdırır)" qənaəti atalar sözlərindən gəlir. "Kölgəlikdə daldalanmaq" həqiqətdən, reallıqdan qaçmağı, kiminsə əlaltısına dönməyi bildirirsə, "yarına-yarına yaşamaq" yaltaqlığı ifadə edir. Bu artıq şəxsiyyətin sınmasıdır, toplumun əsarətidir. Ona görə də Süleyman Əlisa yazır ki, ütülə-ütülə yaşamaq ütülü qalstukunuza yaraşmır. Ütülmək konkret mənada tüklü canlıların (quşların və heyvanların) oda tutulmasıdır. Bu obrazı insanın üzərinə köçürdükdə belə bir reallıq alınır: Qanadları ütülmüş quş uça bilmədiyi kimi, ütülə-ütülə yaşayan insan da arzularının dalınca gedə bilmir. Yarınmağın daşını atmayan, ütülü sözlərdən əl çəkməyən insan obyektiv ola bilməz. "Yarınmaq daşı" el arasında bilov da adlanır, nəyisə itiləməyə yarayır. Öz xalqını ayıq olmağa, gözüaçıq olmağa səsləyən Süleyman Əlisa şeirini nağıllardakı çağırışla bitirir. Nağıllarımızda Cırtdan özündən çox böyük, amma qərarsız insanlara it hürən tərəfə deyil, işıq gələn tərəfə getməyi məsləhət görür. Yol uzaqdı, amma yolun sonunda işıq var! Süleyman Əlisanın semantik şeirinin folklor qaynaqlarına işıq salmaqla çağdaş poeziyamızla bağlı bir həqiqəti üzə çıxardıq. Sərbəst vəzndə olduğuna görə bu şeirin poetik tutumu misraların ritmində, ahəngində deyil, sözlərin və ifadələrin daşıdığı məna yükündədir. Şeir struktural baxımdan folklorla bağlı olmasa da, tematik yükünə görə xalq deyimlərindən, dilin folklor qatından, ifadələrin obrazlılıq səviyyəsindən qidalanır. Bilal ALARLI HÜSEYNOV, Filologiya üzrə fəlsəfə doktoru. www.yeniheyet.az Вернуться назад |