Главная > Maraqlı > Azərbaycan dilini qoruyaq
Azərbaycan dilini qoruyaq23-02-2022, 09:57. Разместил: admin44 |
Biganəlikdən əl çəkək, təəssübkeş olaq Xalqı yaşadan, tanıdan, məğrurluğuna, müdrikliyinə aydınlıq gətirən onun dilidir. Bu dilin orfoqrafiya lüğəti zənginliyini, sözlərin düzgün tələffüsü və yazılışını özündə ehtiva edən hər bir vətəndaşın istinad və istifadə edə biləcəyi mənbədir. 1929-cu ildə çap olunan Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti 1940, 1960, 1975-ci illərdə də işıq üzü görmüş, nəşrdən-nəşrə təkmilləşib zənginləşərək önəmini artırmışdır. Azərbaycan dilinin 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğəti özündən əvvəlki lüğətdən zənginliyinə görə fərqlənir. Əgər sonuncu lüğətdə 110 min söz vardısa, əvvəlkində 80 min olub. Bu da onu göstərir ki, dünyadakı elmi-texniki nailiyyətlər lüğətlərin söz fonduna da təsir göstərir. Lakin bu o demək deyil ki, danışanda dilimizi yad, gəlmə sözlərlə korlayaq. Hələ radio, televiziya, qəzet və jurnallarda dilimizə xələl gətirən söhbətlər, yazılardakı orfoqrafiyanı gözləməyən sözləri demirik. Həmişə dilimiz haqqında fikirləşəndə, adamların danışığındakı yad sözləri eşidəndə müdriklərin kəlamlarını xatırlayıram. Ulu Öndər Heydər Əliyev dilin müqəddəsliyini gündəmə gətirirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərini yaşadan, inkişaf etdirən onun dilidir”. Dərin məna kəsb edən deyimdir. On illərlə tribunalardan rus dilində danışsa da doğma Azərbaycan dilində danışarkən nitqində bir kəlmə yad söz işlənməzdi. Müstəqillik dövründə Azərbaycan dilinin inkişafından bəhs edən Ulu rəhbər deyirdi: Ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni güzgüsüdür. “ Azərbaycan dilində saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın doğma dilinə qayğısının təzahürüdür. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi günlərində ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev onlarca xarici jurnalistə müsahibə verərkən dilində bir yad, fondumuzda olmayan söz çıxmadı. Sonrakı müsahibə və söhbətləri zamanında da dilimizin incəliklərini qorudu. Ancaq küçədə söhbət edən iki gəncin dilini heç başa düşmək olmur. Ömründə ayağı Rusiya torpağına dəyməyən gəncin dilindən bravo, postayannı, toçnı, uje, daje, tak şto, privet sözlərini eşidəndə təəccüblənməyə bilmirsən. Bəradər, madər, araba (maşın) və nə bilim daha hansı sözlər Azərbaycan dilinin leksikonunu korlamaqdadır. Bu gün xalqımızın lüğət fonduna yeni sözlər daxil olur. Amma həmin sözlər elmi-texniki ya da siyasi əhəmiyyət daşımasından qaynaqlanır. Son vaxtlar televiziyada reklam xarakterli kadrlarda plov sözü aş sözü ilə əvəzlənib. Bu, milli yeməklərin adlarının təhrif və təhqiri deməkdir. Plov, necə deyərlər, lap xalis Azərbaycan sözüdür, xalqımızın ən qədim, əziz və ləziz yeməklərindəndir. Düzdür, bəzi bölgələrdə plovu aş kimi təqdim edirlər. Aş isə növbənöv olur: ayran aşı (dovğa), südlü aş, mərcimək aşı, lobyalı, turşulu aş və s. Radio, televiziya, mətbu orqanlarında Azərbaycanın ədəbi dilinə riayət olunmalıdır. Bu, hamımızın vətənpərvərlik borcudur. Dövlətimiz də ana dilimizin saflığı, zənginliyinə mütəmadi qayğı göstərir. Dövlət fərman verirsə onun icrasını biz həyata keçirməliyik. Dil haqqında mükəmməl “Xalq dili, dil xalqı yaşadır” deyimi vardır. Azərbaycanın dövlət dili xalqının varlığının rəmzidir. Odur ki, bu dili yaşadaq, onun saflığını qoruyaq. Axı bu dildə analarımız beşiyimizin başında lay-lay çalaraq sağlamlığımıza, sakitliyimizə, gələcək xoşbəxtliyimizə rəvac veriblər. İnanmıram ki, dünyanın heç bir xalqının “lay-lay”sı bizim lay-lay qədər kövrək, həzin, sevg-məhəbbət dolu, vətənpərvərlik ritmi kimi şirin olsun. Südabə MƏMMƏDOVA, AJB-nin üzvü. www.yeniheyet.az Вернуться назад |