Главная > Maraqlı > Poeziya yarpaqları
Poeziya yarpaqları24-02-2022, 15:40. Разместил: admin44 |
Firdovsi Sahiboğlu 1960-cı ildə Masallı rayonunun Mahmudavar ərazisinin Mololon kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun Hidromelorasiya fakültəsini bitirib. Rayondakı Viləşçay dəryaçasında mühəndis vəzifəsində işləyib. Yaradıcılığa ali məktəb illərində başlayıb. Mətbuatda onlarca şeiri çap olunub. “Bizdə bir adət var kişi ağlamaz” şeirlər kitabı işıq üzü görüb. Lap uşaq çağlarından atasız qalan Firdovsi bu gün oğul-uşaqlı, olsa da hələ də ata nəvazişinin həsrətindədir. Bu mövzu onun əksər şeirlərinin leytmotivini təşkil edir. Ömrünün 62-ci baharına qədəm qoyan şair bu gün də yazıb-yaradır. Aşağıda F. Sahiboğlunun iki şeirini dərc edirik. Talış qızı Hər biri açılan gül biçimdədir, Qeyrəti, isməti teldən incədi. Sevgisi əbədi, ta ölüncədi, Çıxmaq öz vədinə zay, Talış qızı. Gülüşü, baxışı, yerişi ceyran, Zəhmətkeş əlləri yaradan, quran. Gündüzlər Günəşdir hüsnünə heyran, Gecələr işıqlı Ay, Talış qızı. Dəlisov küləklər telindən doymaz, Qismətçün özgənin elinə uymaz. İsti alovlar da əlinə qıymaz Təndirə çörəyi yay, Talış qızı. Cərgəli çay kolu hörüklərindir, Limonlu bağların alın tərindir. Bulaqdan gətirən suyun sərindir Ver bizə limonlu çay, Talış qızı Laləli, nərgizli ətirmisən sən, Bizi bu dünyaya gətirmisən sən. Qəhrəman Həzilər yetirmisən sən Dünyada yox sənə tay, Talış qızı. Ata nəvazişi Atasız böyüdüm körpə çağımdan, Yetimlik ömürlük qismətim oldu. Haçansa dil açıb ata çağırmaq Nəsibim olmadı, həsrətim oldu. Bir istək sarıdan qəmə baş əydim, Bir ad da qoşuldu mənim adıma Mən onda körpəydim, kəsmirdi ağlım, Ata nəvazişi düşmür yadıma. Böyüdüm hamı tək – nə yaxşı, nə pis Anamla analar yanan oğullar. Narahat edərdi məni bircə hiss, Görəsən atalar necə olurlar. Bu həsrət heç zaman yetməzmiş sona, Mənsə hey gözlərdim, biləydim hardan. Məni boya-başa yetirdi anam, Düzü seçilmədim atalılardan. Nəvaziş etməsəm ürəyim qalar, Yaman qəribədir dünyanın işi. Axı mən atasız böyüdüm, dostlar Bəs hardan öyrəndim bu nəvazişi? Ata məhəbbəti, qüruru, hissi, Ən nəcib, ən incə hiss imiş qardaş, Ata nəvazişi, atalıq hissi Sən demə irsiymiş, irsiymiş qardaş F. SAHİBOĞLU. Fotoları Elsəvər Əliyev təqdim edir www.yeniheyet.az Вернуться назад |