Главная > Maraqlı > Qısa ömrün xatirələri və yaradıcılığı
Qısa ömrün xatirələri və yaradıcılığı23-03-2022, 21:54. Разместил: admin44 |
Mən nə şair, nə də yazıçıyam. Sadəcə olaraq Allahın atama verdiyi qısa ömrün xatirələrindən, onun yaradıcılığından qısaca danışmaq istəyirəm. Bu xatirələr bir övlad kimi mənə doğma və əzizdir. Atam Rövşən Hüseynovun həyat yoluna nəzər salsaq, görərik ki, 1942-ci ilin sentyabr ayında Masallı rayonunun Həsənli kəndində anadan olmuşdur. 1964-cü ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universitetini) bitirdikdən sonra ali təhsilli fizika müəllimi kimi bir vaxtlar təhsil aldığı, həyata pərvazlandığı doğma rayona qayıtmış və Həsənli kənd orta məktəbinə təyin edilmişdir. Atam həmişə uşaqlıq və tələbəlik illərindən danışanda gözləri yol çəkərdi. Uşaqlığı kasıbçılıq və şəraitsizlik içində keçmişdir. Buna baxmayaraq o, lampa işığında, şəraitsiz bir daxmada öz təhsilini heç vaxt unutmamışdır. Ata nəvazişi görmədən, yalnız anası Gülsüm nənəmin nəvazişi və tərbiyəsi ilə böyüyərək dərslərini oxumuş, ali təhsil almışdır. Təsəvvür edin ki, Böyük Vətən müharibəsinin qızğın vaxtlarında və ondan sonrakı vaxtlarda təhsil almaq çox çətin olub. Hətta atamın əlyazmaları arasında belə çətin anlarla bağlı bir şeiri də var: Mən elə bir gündə gəldim dünyaya, Topların səsindən yer titrəyirdi. Mən elə bir gündə gəldim dünyaya, Analar düşmənə lənət deyirdi. Mən elə bir gündə gəldim dünyaya, Yerdə də, göydə də atəş səsiydi. Mən elə bir gündə gəldim dünyaya, İnsanın insanla didişməsiydi. Bu atəş,bu tüstü, bu ölüm, bu qan, Mənim taleyimin yazılarıydı. Adətən belədir, doğulduğun gün, Gələcək günlərin ilk harayıdı. Atam övladlarının təhsil ala bilməməsinə həmişə narahat olurdu. Deyirdi ki, mən özüm çətin vaxtda təhsil aldım. İstəmirəm ki, övladlarım da bu ömrü yaşasınlar. Ona görə həmişə oxuyun, təhsilli olun, deyərdi. Deyirlər insan dünyaya gələndə onun taleyi hər hansı cizgilərində özünü təsdiq edir. Bu həqiqətən də belədir. Biz bunu atamın qısa həyat xatirələrində və yaradıcılığında gördük. Atamın yaxşı pedaqoq olmaqla yanaşı, yaradıcılıq qabiliyyəti də vardı. Yetkin yaşlarından yaradıcılıqla məşğul olub. Bizə məlum olan yüz yetmiş şeir, qəzəl, poema, on bir bədii yazının və on elmi məqalənin müəllifidir. Bu yaxınlarda atamın “Mənim qəlb ağrılarım” adlı kitabı işıq üzü gördü. Atamın ömür yolundan ayrılan cığır, onun şəxsi həyatında acı xatirələr qoysa da, təhsildə ona az da olsa xoşbəxtlik gətirmişdir. Tələbəlik illərini yaddaşında çətin, qayğılı və sevincli günlər kimi xatırlayardı. Bu qayğılarla da gəncliyinin kövrək hisslərini yaşamışdır. Atam omrünün son günlərinə kimi pedaqoji fəaliyyətini layiqincə yerinə yetirmişdir. Çox mütaliə edirdi. Ondan soruşardım ki, sənin fizika elmində bilmədiyin nədir? Deyərdi: mən hələ ali məktəbdə təhsil alarkən bu məqsədi qarşıma qoymuşdum. Əgər istəyirdimsə savadlı və bilikli müəllim olmaq, onda gecə-gündüz mütaliə etməli idim. Ona görə, mənə dərs deyən müəllimlərin mühazirələrinə diqqətlə qulaq asırdım. Bu məqsədlər elə məni birinci kursdan əlaçı kimi tanıtdı, həm də tələbə elmi cəmiyyətinin fəal iştirakçısı oldum. Mütaliə insan zehnini inkişaf etdirir. Bilmədiklərini öyrədir. Xatırlayıram maraqlı fikirlərini...Heyf ki, ömrü qısa oldu. Pedaqoqluq müddətində iş təcrübəsi rayon və respublika səviyyəsində yayılmışdır. Fizikanın tədrisini yaxşılaşdırmaq məqsədi ilə zəngin kabinet yaratmışdır. Mən deyərdim ki, o kabinet bir təbiət aləmi, bir muzey idi. Orada şagirdlərin əl işlərindən ibarət kiçik modullu cihazlar sərgisi təşkil olunmuşdur. Bu da şagirdlərdə fizika elminə marağı daha da artırırdı. Onun tədrisə aid hazırladığı çoxlu cihaz və elmi məqalələri haqqında yazılar “Fizika-riyaziyyat” tədrisi, “Əmək və politexnik təlimi” jurnallarında, “Azərbaycan müəllimi” qəzetində çap edilmişdir. Uğurlu pedaqoji müvəffəqiyyətlərə görə atam “Əmək əlaçısı” (17 iyul 1981), “SSRi təhsil əlaçısı” medalları (27 iyun 1983), “Qabaqcıl maarif xadimi” (22 iyun 1978), “Yarış qalibi” nişanı (1974), “Azərbaycan xalq maarifi”, həm də “Əməkdar müəllim” fəxri nişanları (21 may 1987) ilə təltif edilmişdir. Lakin tale onu şəxsi həyatında çox sınağa çəkdi. 1982-ci ildə qardaşı Mərifət əmim, 1989-cu ildə anası Gülsüm nənəm və 1993-cü ildə ömür-gün yoldaşı Mənsurə xanımın 44 yaşında vaxtsız vəfat etməsi onu çox sarsıtmışdır. On bir il ərzində ən əziz adamlarını itirməyinə baxmayaraq həyatda mübariz olduğunu sübut etdi. Üç qız, dörd oğul böyüdüb tərbiyələndirdi. Yeddi övladına ali təhsil verdi. Atam 2001-ci ildə 59 yaşında dünyasını dəyişdi. Yaşasaydı, fizika elminə yeni yaradıcılıqlar gətirər, savadlı fiziklər yetişdirərdi. Sonda atamın ruhu qarşısında baş əyərək demək istəyirəm ki, dostların, şagirdlərin, kənd sakinlərin səni bu gün də ehtiramla anır, ruhu şad olsun, deyirlər. Yalçın HÜSEYNOV, II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan mayor. Həsənli kəndi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |