Главная > Maraqlı > El-elə sığınan yerdə
El-elə sığınan yerdə28-03-2022, 14:26. Разместил: admin44 |
Gəlin açıq danışaq! Həyat yaranandan xeyirlə şərin mübarizəsi davam edib. Əvvəllər ata-babalarımızın dilindən eşitdiklərimizə bu gün özümüz şahidik. Həmişə şər qalib olur, daha doğrusu şərin arxasında duran qüvvələr ədalətdən, qanundan, insafdan uzaq olurlar. Hamımızın gözümüzlə gördüyümüz 30 illik erməni işğalı. Öz vətənindən qaçqın düşən bir milyon soydaşımızın həyatını, gün-güzəranını dünyada vecinə alan olmadı. Üstəlik erməni vandallarını müdafiə edib onlara haqq qazandıranlar çox oldu. Dünyada həmişə işğalçılıqla məşğul olan Fransa kimi dövlət bu gün də Allahın yolunu tanımır. Xalqımızın oz torpaqlarını qanı, canı ilə işğaldan azad etməsi də bəzi qara qüvvələrin xoşuna gəlmir. İnsanlar arasındakı xoş münasibətə də şər qüvvələrin müdaxiləsi çox olur. Mən deyərdim ki, hazırda insanların arasındakı münasibət son 20-30 ildəkindən fərqlənir. Dünya yaranandan, insan dünyaya gələndən xudpəsəndlik, paxıllıq, biganəlik də onlarla ekiz doğulub. Mənim də özümə görə müşahidələrim var.15-20 il əvvəl dostlaşdığım rəfiqələri bu gün də daim görmək, uşaqlıq, gənclik xatirələrindən danışmaq üçün burnumun ucu göynəyir. Bəziləri xaricə köçüb, bəziləri ilə görüşmək müşkülə dönüb. Ancaq bu gün gənclər arasında belə isti münasibəti hiss etmək çətindir. Bəziləri bu münasibətdəki soyuqluğu pandemiyanın yaranması, digərləri isə maddi sıxıntılarla əlaqələndirir. Mən bununla razılaşmıram. Həyatda həmişə çətinliklər insanları bir-birinə yaxınlaşdırır, istər pandemiya, ya da maddiyyatın pis olması bu münasibətlərə təsir edə bilməz. Müşahidələrimdə hiss etmişəm ki, adamlar arasında xəbərçilik, yaltaqlıq hissləri də artıb. Ürək qızdırıb birinə dərd danışırsan çox çəkmir ki, bu olay cəmiyyətdə səslənir, özü də müxtəlif variantlarda. Cəmiyyətdə laqeydlik halları da çoxalıb. Biri oğurluq edir, digəri narkomaniyaya qurşanır, bir başqası qızını 14-15 yaşında ərə verir, məhlə yoluna hasar çəkib həyətinə qatanı, arxları dolduranı, yollar kənarında məişət tullantılarını qalaqlayanı qınağa çəkən yoxdur. Hamı “mənə nə” deyib durur. Bu nə deməkdir? Deməli, biz insanlar pisliyi, naqislıiyi, neqativ halları bəsləyib ətə-qana gətirir, ona yaxşı don geyindiririk. Çox məsələlərin qarşısına qara pərdə çəkirik ki, gizlin qalsın. Bu günün siqaret çəkəni sabah narkoman olar, narkotik dadanı isə narkobarona çevrilər. Bu gün bir yumurta oğurlayan uşaq gələcəkdə oğrubaşına çevrilə bilər. Bu gözüyumululuq cəmiyyəti fəlakətlərə düçar edəcək. İnsanların münasibəti isti olan cəmiyyətdə belə hallara yol verilmir. Əvvəllər deyərdilər ki, insan insanın dostu və qardaşıdır. Həqiqi dostluq olan yerdə qanun aşkar duyulur. Rüşvətxorluq, bir-birinə inamsızlıq insanlar arasında keçilməz sədd çəkir. Gəlin hamımız bir-birinə can deyib can eşidək. Maddi sıxıntı da el-elə sığınan yerdə insan münasibətinə xələl gətirə bilməz. Sona FƏXRİ, ştatdankənar müxbirimiz. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |