Главная > Maraqlı > Şuşa Kəbə evimizdir
Şuşa Kəbə evimizdir16-05-2022, 15:20. Разместил: admin44 |
Dünyada elə bir insan tapılmaz ki, onun istəyi, arzusu olmasın. Arzu onun böyük və ya kiçikliyindən asılı olmayaraq insanı yaşadır. Arzu ümiddir, yaşam eşqidir, həyatımız boyunca tutduğumuz budaqdır. 30 il ərzində Qarabağ torpaqlarımızı,Şuşanı azad görmək arzusu ilə yaşamışıq. İlləri ötürdük,ayları, günləri saydıq, o günə yetmək üçün arzuladıq. Dözdük,səbr etdik, sonda arzularımıza çatdıq. Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun səyi nəticəsində torpaqlarımız mənfur düşməndən azad edildi. Şəhidlərimizin qanı, canı bahasına bütövləşdi Vətənimiz.Arzularımızın gerçək olmasına görə şəhidlərimizə,qazilərimizə minnətdarıq. Kəbəni ziyarət hər bir müsəlmanın ən böyük arzusu olduğu kimi, Şuşanı ziyarət etmək də hər bir azərbaycanlının arzusudur. Mən hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Duzdür, insanlar müqəddəs Məkkə və Mədinə şəhərlərini böyük sevgi, həvəslə ziyarət edirlər. Ziyarətdən qayıdanlar səfər təəssüratından danışmaqdan yorulmur və bu ziyarətdən sevərək bəhs edirlər. Qarabağ da bizim üçün Kəbə, Məkkə və Mədinə qədər əzizdir, müqəddəsdir. Mədəniyyətimizin paytaxtı, Azərbaycanımızın incisi,tacı,qəlbi olan Şuşamız.Şəhidlərimizin,qazilərimizin qanı ilə yoğrulmuş Qarabağımızı, qeyrətli,əyilməyən Şuşanı ziyarət etmək qismətimə düşdü. Şuşada yüksək səviyyədə təşkil edilmiş “1-ci Kulinariya Festivalı”nın iştirakçısı oldum. Şuşanı ziyarət edərkən hissini, həyəcanını, emosiyasını yaşamaq, anlamaq üçün inamlı olub, Vətənini sevmək bəs edir. “Vətəni sevmək də imandandır” buyurulub.Bəli, bu hissləri sözlə ifadə etmək, kağız üzərində yazmaq çətindir.İgid,nər oğullarımızın keçdiyi döyüş yollarını gördükcə deyirsən: sizin qeyrətinizə,vətənə olan sevginizə qurban olaram.Misli görünməmiş qəhrəmanlıq...Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə sağlam ömür bəxş eləsin. Allah Ali Baş Komandanımızı qorusun. Şuşa çox gözəl təbiəti olan şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib.Şuşa qalası göründüyündən də əzəmətli və vüqarlıdır. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. Burada qədim abidələrin , tarixi məkanların təmirinə daha ciddi diqqət yetirilir. Prezidentimiz bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan etmişdir. Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, burada dünyaya səs salacaq beynəlxalq tədbirlər,musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçirilir və keçiriləcəkdir. Şuşaya getmək arzumu gerçəkləşdirdiyinə və etimad göstərərək “1-ci Kulinariya Festivalı”nda iştirak etmək üçün Şuşa şəhərinə göndərdiyinə görə hörmətli icra başçımız cənab Şahin Məmmədova dərin minnətdarlığımı bildirirəm. Əntiqə TAĞIYEVA, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |