Главная > Maraqlı > İki şəhid anası Ziba Əsgərova: “Yuxum çin oldu...”

İki şəhid anası Ziba Əsgərova: “Yuxum çin oldu...”


17-05-2022, 20:15. Разместил: admin44

“Noyabrın 9-dan 10-na keçən gecə yuxuda İntiqamı gördüm. Gördüm ki, yüksək bir dağın zirvəsindəyik. İkimiz də namaz qılırıq. Sonra o mənə sıldırım qayalıqda bitən ağacların şəffaf budaqlarından sallanan iri qırmızı meyvələri göstərərək: “Ana, bax, bu yerlərin meyvəsidir, indi yetişir...” Sonra dərdiyi meyvədən bir dişləm götürdü. Mən də onun təkidi ilə dərdiyim meyvəni əlimə alaraq: “Bu ki alma boyda gilasdır, birini yesən doyarsan.”- deyib, yuxudan ayıldım.    

Sən demə, yuxuda gilas görmək göz yaşına işarə imiş. Sanki mənə də ayan olub, İntiqamım şəhadətə yüksəldiyi an yuxuma gəlib...”

 

Bu sözlərin müəllifi iki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası, Masallı rayonunun Viləş kənd sakini Ziba Əsgərovadır.  

 

Şəhid qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyünün qəhrəman hərbi qulluqçusu, eyni zamanda döyüş yoldaşı olublar. Nurlan Aprel döyüşlərində, İntiqam isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. İntiqam Əsgərli Qələbəyə bir gün qalmış - noyabrın 9-da Şuşa döyüşlərində qəhrəmancasına şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

 

Bu günlərdə Ziba xanımla görüşüb Şuşaya səfəri barədə təəssüratlarını öyrənməyə çalışdım. Həmin müsahibəni sizə təqdim edirəm:

 

-Ziba xanım, oğlunuzun işğaldan azad etdiyi torpaqlara getmək istəyiniz necə yarandı?  

-2020-ci il sentyabrın son günlərində “Lider Tv”-nin çəkiliş qrupu bizə gəlmişdi. Oğlum, Aprel şəhidi Nurlan Əsgərli haqqında sujet hazırlamaqdan ötrü. Vətən müharibəsi təzəcə başlamışdı. Həmin gün haqq savaşımızın ilk qələbə müjdəsini – işğal altındakı bir neçə kəndimizin azad olunması xəbərini aldıq.

Jurnalist Nuranə Gülərə dedim ki, inşəallah Zəfər bizimlə olacaq. Böyük oğlum, Xüsusi Təyinatlı Qüvvələrin zabiti İntiqam Əsgərli döyüşlərdə qardaşının qisasını alacaq. Odur ki, əminliklə, Nurlanımın hərbi geyimini Nuranə xanıma verib dedim: ”Böyük Qələbədən sonra sənə verdiyim bu əmanəti – hərbi formanı Şuşada mənə qaytararsınız. Və birlikdə Nurlanımın tabutuna bürünmüş üçrəngli bayrağımızı Şuşada dalğalandırarıq.”

Və elə də oldu. 44 günlük Vətən müharibəsi bizim şanlı Qələbəmizlə sonuclandı. Mənim kimi bütün şəhid analarının arzusu gerçəkləşdi...

2021-ci il sentyabrın 27-də, Şuşaya təşkil olunan səfərlərin birində ziyarətçilərin heyətində mən də var idim. Çünki gözümün önündən çəkilməyən, yuxuda gördüyüm həmin yeri tapacağıma (qəribə səslənsə də) inanırdım...

-Yolboyu hansı hissləri yaşadınız?

-Şuşaya köhnə yolla getdik. Təzə yol yenicə çəkilirdi. Yolboyu viran qalmış kəndləri, qəsəbələri, keçilməsi çətin olan dağları, dərələri, kol-koslu qayalıqları, aşırımları gördükcə fikirləşirdim ki, görəsən oğullarımız 44 gün ərzində - yağışda, soyuqda bu əraziləri düşməndən necə təmizləyiblər? Sanki onların məşəqqətli vuruş səhnələrini göz önünə alırdım. Buna baxmayaraq dolama yolları arxada qoyduqca, Şuşaya yaxınlaşdıqca həsrətim, nisgilim səngiyiridi. Günortaya yaxın, şəhərə çatanda ətraf sıx dumana bürünmüşdü. Sanki qatı düman dağı iki yerə bölmüşdü.

 

-Ziba xanım, hansı ərazilərdə oldunuz, haraları ziyarət etdiniz?

- Şuşaya gəldiyim üçün çox sevinirdim. Biz orada olanda təmir-bərpa işləri aparılırdı. Əvvəlcə Şuşa qalasına qalxdıq, qala divarlarını ziyarət etdik.

Sonra Xan qızı Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu şəhər mərkəzi meydanında olduq. Vaqifin məqbərəsini ziyarət etdik.

“Xan qızı” və “İsa bulağı”nın suyundan içdik, özümüzlə də götürdük.

Yuxarı Gövhərağa məscidində namaz qıldıq. Çörək zavodunda bişirilən ətirli Şuşa çörəyindən daddıq. Cıdır düzündə Xankəndinə və digər səfalı yerlərə açılan əsrarəngiz mənzərələri seyr etdik.

 

-İntiqamın hərbçi dostlarından görə bildinizmi?

-Necə ki, övladlarım hər dəfə evə, məzuniyyətə gələndə onlara və dostlarına pay-puş hazırlayırdım, bu dəfə də əsgərlərimiz üçün sovqat aparmışdım. Odur ki, onlarla görüşmək istəyimi də gerçəkləşdirdilər. Hər birinin simasında Nurlanımı, İntiqamımı görürdüm. Sanki mənə dünyanı bəxş etmişdilər.  

 

-Yuxuda gördüyünüz yeri tapdınızmı?

-Hərbçilərimizdən xahiş etdim ki, bu qayalıqlarda yuxuda gördüyüm yeri tapmaq istəyirəm. Bu real görünməsə də, amma... Dağın zirvəsində xeyli gəzəndən sonra eynən yuxuda gördüyüm məkan qarşıma çıxdı. Namaz qıldığımız yer, digər namü-nişanlar da həmin səhnəni bir daha mənə xatırlatdı. Qeyri-ixtiyari olaraq dizlərim büküldü, yerə çökdüm. Bir müddət özümü toxdada bilmədim, gözlərimi zorla açdım. İntiqam namaz qılarkən başını qoyduğu daşın üzəri oyularaq ürək şəkli çəkilmiş, içərisində “Ə” hərfi, “Arif”, “şəhadət” sözləri və bir neçə rəqəm yazılmışdı.

Həmin vaxt deyil, sonradan İntiqamın döyüşçü dostlarından və digər hərbçilərimizdən öyrəndim ki, Şuşaya qədər qəhrəmanlıqla döyüşən igid oğlum həmin məkanda, yuxuda gördüyüm yerdə şəhadətə ucalıb. Bu xəbəri eşıdəndə tüklərim ürpəndi. Sən demə İntiqam əbədiyyətə qovuşduğu gecə yuxuma girərək şəhid olduğu yeri mənə göstəribmiş. Bu da Allahın hikməti, qismətidir ki, o müqəddəs məkanı görmək mənə nəsib oldu. Və həmin yerdə Nurlanımın hərbi geyimini mənə təqdim etdilər. Arzum və yuxum çin oldu...

 

-Bir ovuc torpaq da vətəndir, deyirlər. Necə ki, 44 günlük Vətən müharibəsində  igidlərimiz canları ilə qoruyub, qanlarıyla suvardıqları torpaqlarımızı, yurd yerlərimizi bütövləşdirdilər. Biz bunu etdik ki, daha heç kəs gücümüzün, əzmimizin, Ali Baş Komandanımızın qətiyyəti qarşısında digər xam xülyalara düşməsinlər.

- Bəli, doğru buyurursunuz. Allah dərgahına gedən yol ailədən, Vətəndən, üzərində gəzib-dolaşdığımız Ana torpaqdan başlayır. Hər birimizçün dünyanın ən müqəddəs ziyarətgahı vətənsevər, yurdsevər oğullarımızın, şəhidlərimizin qanlarının töküldüyü yerdir, torpaqdır. Mən ziyarətdən qayıdarkən qəlbən, ruhən bağlandığımız Şuşa torpağından da gətirmişdim. Masallılı şəhid ailələrinə təskinlik olsun deyə, onlara da payladım. O torpaqdan Nurlanın, İntiqamın məzarı üstdə qönçələnən güllərin dibinə də tökmüşəm. İnanın ki, Masallıda o torbanın ağzını açanda ətri adamı valeh edirdi. Yəni Şuşanın torpağının qoxusu belə gözəldir…  

 

-Ziba ana, Şuşadan doya bildinizmi?  

-Möhtəşəm Zəfərimizdən sonra Şuşada olmaq hamı kimi mənimçün də necə sevindirici, qürurverici idisə, o əziz və müqəddəs şəhərdən ayrılmaq da elə asan olmadı. Sözlə ifadə etmək çətindir. Doymaq olmurdu Şuşadan. Çünki Şuşa tamamilə fərqli bir məkandır, ab-havası da fərqlidir. Təbiəti, qeyri-adi gözəlliyi ilə adamı ovsunlayır, bu ilahi cazibənin təsir dairəsindən çıxa bilmirsən. Necə ki, geri qayıdarkən, axaşam çağı Şuşa dağlarının zirvəsi yenə dumanla örtülü idi...

 

-Hələ bundan sonra o sirli-sehirli, hər birimizçün ucalıq və əzəmət rəmzi olan Şuşaya çox gedəcəyik, Ziba ana. Doyunca havasını udacaq, suyunu içəcəyik. Qızıldan baha torpaqlarımızda min naz-nemət yetişdirəcəyik.

Şuşanı yenidən dirçəldəcəyik!






Akif AĞAYEV.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад