• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İki şəhid anası Ziba Əsgərova: “Yuxum çin oldu...”

    İki şəhid anası Ziba Əsgərova: “Yuxum çin oldu...”


    “Noyabrın 9-dan 10-na keçən gecə yuxuda İntiqamı gördüm. Gördüm ki, yüksək bir dağın zirvəsindəyik. İkimiz də namaz qılırıq. Sonra o mənə sıldırım qayalıqda bitən ağacların şəffaf budaqlarından sallanan iri qırmızı meyvələri göstərərək: “Ana, bax, bu yerlərin meyvəsidir, indi yetişir...” Sonra dərdiyi meyvədən bir dişləm götürdü. Mən də onun təkidi ilə dərdiyim meyvəni əlimə alaraq: “Bu ki alma boyda gilasdır, birini yesən doyarsan.”- deyib, yuxudan ayıldım.    

    Sən demə, yuxuda gilas görmək göz yaşına işarə imiş. Sanki mənə də ayan olub, İntiqamım şəhadətə yüksəldiyi an yuxuma gəlib...”

     

    Bu sözlərin müəllifi iki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası, Masallı rayonunun Viləş kənd sakini Ziba Əsgərovadır.  

     

    Şəhid qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyünün qəhrəman hərbi qulluqçusu, eyni zamanda döyüş yoldaşı olublar. Nurlan Aprel döyüşlərində, İntiqam isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. İntiqam Əsgərli Qələbəyə bir gün qalmış - noyabrın 9-da Şuşa döyüşlərində qəhrəmancasına şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

     

    Bu günlərdə Ziba xanımla görüşüb Şuşaya səfəri barədə təəssüratlarını öyrənməyə çalışdım. Həmin müsahibəni sizə təqdim edirəm:

     

    -Ziba xanım, oğlunuzun işğaldan azad etdiyi torpaqlara getmək istəyiniz necə yarandı?  

    -2020-ci il sentyabrın son günlərində “Lider Tv”-nin çəkiliş qrupu bizə gəlmişdi. Oğlum, Aprel şəhidi Nurlan Əsgərli haqqında sujet hazırlamaqdan ötrü. Vətən müharibəsi təzəcə başlamışdı. Həmin gün haqq savaşımızın ilk qələbə müjdəsini – işğal altındakı bir neçə kəndimizin azad olunması xəbərini aldıq.

    Jurnalist Nuranə Gülərə dedim ki, inşəallah Zəfər bizimlə olacaq. Böyük oğlum, Xüsusi Təyinatlı Qüvvələrin zabiti İntiqam Əsgərli döyüşlərdə qardaşının qisasını alacaq. Odur ki, əminliklə, Nurlanımın hərbi geyimini Nuranə xanıma verib dedim: ”Böyük Qələbədən sonra sənə verdiyim bu əmanəti – hərbi formanı Şuşada mənə qaytararsınız. Və birlikdə Nurlanımın tabutuna bürünmüş üçrəngli bayrağımızı Şuşada dalğalandırarıq.”

    Və elə də oldu. 44 günlük Vətən müharibəsi bizim şanlı Qələbəmizlə sonuclandı. Mənim kimi bütün şəhid analarının arzusu gerçəkləşdi...

    2021-ci il sentyabrın 27-də, Şuşaya təşkil olunan səfərlərin birində ziyarətçilərin heyətində mən də var idim. Çünki gözümün önündən çəkilməyən, yuxuda gördüyüm həmin yeri tapacağıma (qəribə səslənsə də) inanırdım...

    -Yolboyu hansı hissləri yaşadınız?

    -Şuşaya köhnə yolla getdik. Təzə yol yenicə çəkilirdi. Yolboyu viran qalmış kəndləri, qəsəbələri, keçilməsi çətin olan dağları, dərələri, kol-koslu qayalıqları, aşırımları gördükcə fikirləşirdim ki, görəsən oğullarımız 44 gün ərzində - yağışda, soyuqda bu əraziləri düşməndən necə təmizləyiblər? Sanki onların məşəqqətli vuruş səhnələrini göz önünə alırdım. Buna baxmayaraq dolama yolları arxada qoyduqca, Şuşaya yaxınlaşdıqca həsrətim, nisgilim səngiyiridi. Günortaya yaxın, şəhərə çatanda ətraf sıx dumana bürünmüşdü. Sanki qatı düman dağı iki yerə bölmüşdü.

     

    -Ziba xanım, hansı ərazilərdə oldunuz, haraları ziyarət etdiniz?

    - Şuşaya gəldiyim üçün çox sevinirdim. Biz orada olanda təmir-bərpa işləri aparılırdı. Əvvəlcə Şuşa qalasına qalxdıq, qala divarlarını ziyarət etdik.

    Sonra Xan qızı Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu şəhər mərkəzi meydanında olduq. Vaqifin məqbərəsini ziyarət etdik.

    “Xan qızı” və “İsa bulağı”nın suyundan içdik, özümüzlə də götürdük.

    Yuxarı Gövhərağa məscidində namaz qıldıq. Çörək zavodunda bişirilən ətirli Şuşa çörəyindən daddıq. Cıdır düzündə Xankəndinə və digər səfalı yerlərə açılan əsrarəngiz mənzərələri seyr etdik.

     

    -İntiqamın hərbçi dostlarından görə bildinizmi?

    -Necə ki, övladlarım hər dəfə evə, məzuniyyətə gələndə onlara və dostlarına pay-puş hazırlayırdım, bu dəfə də əsgərlərimiz üçün sovqat aparmışdım. Odur ki, onlarla görüşmək istəyimi də gerçəkləşdirdilər. Hər birinin simasında Nurlanımı, İntiqamımı görürdüm. Sanki mənə dünyanı bəxş etmişdilər.  

     

    -Yuxuda gördüyünüz yeri tapdınızmı?

    -Hərbçilərimizdən xahiş etdim ki, bu qayalıqlarda yuxuda gördüyüm yeri tapmaq istəyirəm. Bu real görünməsə də, amma... Dağın zirvəsində xeyli gəzəndən sonra eynən yuxuda gördüyüm məkan qarşıma çıxdı. Namaz qıldığımız yer, digər namü-nişanlar da həmin səhnəni bir daha mənə xatırlatdı. Qeyri-ixtiyari olaraq dizlərim büküldü, yerə çökdüm. Bir müddət özümü toxdada bilmədim, gözlərimi zorla açdım. İntiqam namaz qılarkən başını qoyduğu daşın üzəri oyularaq ürək şəkli çəkilmiş, içərisində “Ə” hərfi, “Arif”, “şəhadət” sözləri və bir neçə rəqəm yazılmışdı.

    Həmin vaxt deyil, sonradan İntiqamın döyüşçü dostlarından və digər hərbçilərimizdən öyrəndim ki, Şuşaya qədər qəhrəmanlıqla döyüşən igid oğlum həmin məkanda, yuxuda gördüyüm yerdə şəhadətə ucalıb. Bu xəbəri eşıdəndə tüklərim ürpəndi. Sən demə İntiqam əbədiyyətə qovuşduğu gecə yuxuma girərək şəhid olduğu yeri mənə göstəribmiş. Bu da Allahın hikməti, qismətidir ki, o müqəddəs məkanı görmək mənə nəsib oldu. Və həmin yerdə Nurlanımın hərbi geyimini mənə təqdim etdilər. Arzum və yuxum çin oldu...

     

    -Bir ovuc torpaq da vətəndir, deyirlər. Necə ki, 44 günlük Vətən müharibəsində  igidlərimiz canları ilə qoruyub, qanlarıyla suvardıqları torpaqlarımızı, yurd yerlərimizi bütövləşdirdilər. Biz bunu etdik ki, daha heç kəs gücümüzün, əzmimizin, Ali Baş Komandanımızın qətiyyəti qarşısında digər xam xülyalara düşməsinlər.

    - Bəli, doğru buyurursunuz. Allah dərgahına gedən yol ailədən, Vətəndən, üzərində gəzib-dolaşdığımız Ana torpaqdan başlayır. Hər birimizçün dünyanın ən müqəddəs ziyarətgahı vətənsevər, yurdsevər oğullarımızın, şəhidlərimizin qanlarının töküldüyü yerdir, torpaqdır. Mən ziyarətdən qayıdarkən qəlbən, ruhən bağlandığımız Şuşa torpağından da gətirmişdim. Masallılı şəhid ailələrinə təskinlik olsun deyə, onlara da payladım. O torpaqdan Nurlanın, İntiqamın məzarı üstdə qönçələnən güllərin dibinə də tökmüşəm. İnanın ki, Masallıda o torbanın ağzını açanda ətri adamı valeh edirdi. Yəni Şuşanın torpağının qoxusu belə gözəldir…  

     

    -Ziba ana, Şuşadan doya bildinizmi?  

    -Möhtəşəm Zəfərimizdən sonra Şuşada olmaq hamı kimi mənimçün də necə sevindirici, qürurverici idisə, o əziz və müqəddəs şəhərdən ayrılmaq da elə asan olmadı. Sözlə ifadə etmək çətindir. Doymaq olmurdu Şuşadan. Çünki Şuşa tamamilə fərqli bir məkandır, ab-havası da fərqlidir. Təbiəti, qeyri-adi gözəlliyi ilə adamı ovsunlayır, bu ilahi cazibənin təsir dairəsindən çıxa bilmirsən. Necə ki, geri qayıdarkən, axaşam çağı Şuşa dağlarının zirvəsi yenə dumanla örtülü idi...

     

    -Hələ bundan sonra o sirli-sehirli, hər birimizçün ucalıq və əzəmət rəmzi olan Şuşaya çox gedəcəyik, Ziba ana. Doyunca havasını udacaq, suyunu içəcəyik. Qızıldan baha torpaqlarımızda min naz-nemət yetişdirəcəyik.

    Şuşanı yenidən dirçəldəcəyik!






    Akif AĞAYEV.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ