Главная > Maraqlı > 24 iyun 1993-cü ildə Ali sovetin sədri H.Əliyevin prezident səlahiyyətlərini yerinə yetirmısi haqqında
24 iyun 1993-cü ildə Ali sovetin sədri H.Əliyevin prezident səlahiyyətlərini yerinə yetirmısi haqqında19-06-2022, 11:48. Разместил: admin44 |
1993-cü ilin İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. Heydər Əliyev bu dövrdə əhalini döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. 1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezliklə aradan qaldırıldı. Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır.” Milli Məclisin iyulun 3-də keçirilən iclasında Heydər Əliyev bildirdi ki, o, AXC hökuməti zamanı neft sahəsindəki bütün danışıqları müvəqqəti olaraq dayandırır və hesab edir ki, bu məsələ mütəxəssislər tərəfindən ətraflı öyrənilməli və yalnız onların rəyindən sonra hər hansı bir qərar qəbul edilməlidir və bu zaman Azərbaycan xalqının mənafeyi əsas götürülməlidir. Zaman bu görkəmli dövlət xadiminin haqlı olduğunu bir daha sübut etdi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Ölkə başçısı kimi Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Tezliklə ölkə başçısının 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq islahatları Komissiyası yaradıldı. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı. Bu işdə parlament Heydər Əliyevə dəstək verdi. Bu dövrdə qəbul olunmuş qanunlar arasında aşağıdakıları göstərmək olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət gəmiçiliyi Məcəlləsi və başqa məcəllələr, “Torpaq islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında və s. Bu sənədlər ölkədə hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. Əliyeva Xanım. Mahmudavar. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |