Главная > Maraqlı > Heydər Əliyev parkının sabahı
Heydər Əliyev parkının sabahı4-10-2022, 14:11. Разместил: admin44 |
Son vaxtlar Masallı şəhərində abadlıq, yenidənqurma tədbirlərinin həyata keçirilməsi ahənglə davam etdirilir. Küçələr asfaltlanır, səkilər qurulur, hasarlar təzə dona bürünür, yeni qazonlarda əkilən gül-çiçəklər, bəzək kolları bir özgə görüntüdə şəhərə bəzək verir. Bu gün görülən abadlıq işlərinin önündə isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda gedir. Burada layihə işləri başa çatanda park qeyri-adiliyi ilə sakinləri, gələn qonaqları özünə cəlb edəcək. Bir sözlə, gözəl və yaraşıqlı parkın gecə-gündüzü göz oxşayacaq, görüntüsü ilə seçiləcək. Səhərin gözü açılar-açılmaz parkın abadlığa işıq saçan anları başlayır. Bir tərəfdə tamet düzənlər, başqa tərəfdən qazonlara yer hamarlayanlar, işıq sistemini quranlar işə başlayırlar. Parkdakı texnikalar əl əməyini yüngülləşdirir. Tamet düzüləcək yola qum-çınqıl tökülür. Burada çalışanların yanındayıq. Usta Yaşar Məmmədov əlindəki tamet daşlarını yerə qoyub qumu hamarlayır, sonra təmkinlə yüz ölçüb bir biçərək tametləri simmetrik şəkildə düzür. Həmkarları Rəşad, Fikrət, Elşən də onunla yanaşı gedirlər. İş icraçısı Əfrail Abışov tamet düzülən yolları bizə göstərir: -Baxın, necə də abad, yaraşıqlı görünür. Aqlay üzlük daşlarını yapışdıranların işi də maraqlı və çətindir. Daş lövhələr əsl memarlıq qaydaları ilə hasarlara yapışdırılmalıdır. İş icraçısı deyir ki, Rüstəm Şahalıyev uzun illərdir ki, bu işin ustasıdır. Neçə-neçə rayonda çalışıb. İş yoldaşı Davud da onunla bir yerdə parkı bəzəyirlər. Heydər Əliyev parkının hər tərəfində abadlıq işləri geniş vüsət alıb. MSDES-nin layihə rəhbəri Rəfail Adışov görüləcək işlərdən, parkın gələcək həyatından, gözəl donundan söhbət açır: Burada işlər kompleks şəkildə gedir. Parkın xeyli yerinə tamet üzlüklər döşənəcək, ətrafındakı hasar aqlay üzlüklərlə bəzənəcək. İşıq sistemi bütünlüklə yenilənəcək. Müasir, yaraşıqlı işıq dirəkləri parka xüsusi gözəllik verəcək. Hasarların üstündə xüsusi məhəccərlər qurulacaq. Yaraşıqlı, rahat oturacaqlar, zibil qabları parka dincəlməyə gələnləri razı salacaq. Fantanlar da dəyişdiriləcək, yeni, zövqoxşayan qurğularla əvəz olunacaq. Parkın girişdən Ulu öndərin abidəsinə kimi olan yolun ətrafında hovuzlar, fəvvarələr parka gələnlərin ruhunu oxşayacaq. Heydər Əliyev mərkəzinin arxasında da yenilik çox olacaq. Burada və parkın digər istiqamətində adamların istirahəti üçün 24 köşk qoyulacaq. Köşklərin arxasında qurulacaq qazonlarda gül-çiçək əkiləcək. Layihə rəhbəri danışdıqca parkın sabahkı gözəl görüntüsü gözümün önünə gəlir. Deməli, bu qeyri-adi mənzərə şəhərin ümumi gözəlliyini tamamlayacaq. Uğur olsun! HƏSƏNAĞA. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |