Главная > Maraqlı > Tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır
Tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır26-12-2022, 23:00. Разместил: admin44 |
Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuş, Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq və net şəkildə ifadə etmişdir. Dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarı ilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideya tezliklə həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Lakin Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün isə artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır. Bu il baş verən bir çox hadisələr, o cümlədən Azərbaycanın Ermənistanla sərhəddə sentyabr ayında məcburən keçirməli olduğu hərbi əməliyyat ölkəmizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir: “Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycan özünün Ermənistanla sərhəd ərazilərində hərbi əməliyyat keçirməyə məcbur oldu. Bu, ölkənin təhlükəsizliyi baxımından atılmalı olan zəruri addım idi. Sentyabr toqquşmaları Azərbaycanı gələcəkdə yarana biləcək böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr xarici təhrikçilərin dəstəyi ilə yenidən baş qaldırır. Ermənistan cəmiyyətinin şüuru azərbaycanofobiya ilə o qədər zəhərlənib ki, bu ölkənin siyasi səhnəsində faktiki olaraq normal düşüncəyə malik olan insan tapmaq mümkün deyil. Digər tərəfdən də Azərbaycanın xarici düşmənləri erməni revanşizmini qidalandırır və bu amili ölkəmizə qarşı yeni təhdid vasitəsi kimi gücləndirmək üçün əllərindən gələni edirlər. Buna görə da ermənilər revanş fikri ilə yaşayır və yenə də ümid edirlər ki, kimsə gəlib onların əvəzinə Azərbaycanla müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Məhz bütün bunlardan sığortalanmaq üçün Azərbaycan mütləq Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idi və buna da nail oldu. Bu gün Azərbaycanın mövqelərindən artıq Göyçə gölünü görmək olur. Həmçinin Azərbaycanın nəzarətində olan yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Bu, həqiqətən də tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir və Azərbaycan durduqca bu qələbə bizim tariximizdə qalacaq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu il Azərbaycanın əldə etdiyi həm hərbi, həm də siyasi uğurlar gələcək qayıdış üçün və təhlükəsizlik üçün möhkəm zəmin yaradır. Eyni zamanda da bu qələbələr, dövlət başçımızn dediyi kimi, Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları ilə onların beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin ediləcəyini bildirib və bu məqsədlə Qərbi Azərbaycan İcmasının fəaliyyətinin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb: Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan cəmiyyəti Qərbi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün böyük səylər göstərməlidir. Təbii ki, bu baxımdan Qarabağ münaqişəsi ilə bağlı 1990-cı illərin əvvəllərində dünya ictimaiyyətinin baxışında formalaşdırılmış təhrif edilmiş təsəvvürlərin tamamilə dəyişdirilməsi təcrübəsindən geniş istifadə olunmalıdır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iki il bundan öncə apardığı və tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsi, eləcə də 44 gün ərzində hərbi əməliyyatlara paralel olaraq davam edən informasiya müharibəsi onu göstərdi ki, bu, böyük əhəmiyyət kəsb edən amildir. Buna görə də Qərbi Azərbaycan İcması o cümlədən beynəlxalq müstəvidə fəaliyyətini intensivləşdirməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Azərbaycan bütün imkanlarını səfərbər edib haqlı olaraq öz hüququnu tələb etməlidir. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı xalqımızın bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur və bu hüquq təmin edilməlidir. Bu məqsədlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası müdrik fikirdir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə mükəmməl bir sənədin hazırlanacağı artıq heç kimdə şübhə doğurmur. Dövlət başçımızın dediyi kimi, qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Ruisf Kərimov Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |